Lənkəran Dövlət Dram Teatrı mayın 25-də Qax rayonunda qastrol səfərində olub.

Bu barədə teatrdan məlumat verilib.

Yaradıcı kollektiv Qax Dövlət Kukla Teatrının səhnəsində dünya dramaturgiyasının klassik nümunələrindən biri – Fridrix Şillerin “Məkr və məhəbbət” pyesi əsasında hazırlanan tamaşanı nümayiş etdirib.

2025-ci ildə teatrın repertuarına daxil olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Səhnə əsəri yerli teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb, Lənkəran truppasının oyunu alqışlarla müşayiət olunub.

Teatrın rəhbərliyi və kollektivi qastrol səfəri zamanı göstərilən diqqətə və yaradılan şəraitə görə Qax Dövlət Kukla Teatrının direktoru Əməkdar artist Yusif Abdurahmanova minnətdarlığını ifadə edib.