Gürcüstanda keçirilən Svaneti Beynəlxalq Film Festivalının pitçinq bölməsinə Azərbaycandan 2 tammetrajlı sənədli film layihəsi təqdim edilib.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.

Festival çərçivəsində montaj mərhələsində olan filmlərin pitçinqi üçün “Work-in-Progress” bölməsi və inkişaf mərhələsində olan film layihələri üçün “Pitçinq Forum” təşkil edilib. Pitçinqlərdə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Misir, Qazaxıstan, İtaliya kimi ölkələrdən film layihələri iştirak edib.

Azərbaycandan “14 gün dustaqlıqda” filmi (rejissor Afaq Yusifli, prodüserlər Tahir Tahiroviç, Murad Allahverdi, Afaq Yusifli) “Work-in-progress”, “Kür” tammetrajlı sənədli filmi (rejissor Murad Allahverdi, prodüser Afaq Yusifli) isə "Pitçinq Forum"da təqdim edilib. “Kür” layihəsi “Ən yaxşı pitçinq və ən yaxşı layihə” mükafatına layiq görülüb.

Pitçinq Forumun münsiflər heyəti Turin Film Laboratoriyasının təmsilçisi Alona Şumakova, “Qara Gecələr” Film Festivalının proqramçısı (PÖFF Estoniya) Edvinas Puksta, Gürcüstan Film Akademiyasının sədri Nikolas Abramaşvilidən ibarət olub.

Jürinin qalib layihə üçün qeydi belədir: “Filmin toxunduğu çox vacib mövzu təkcə öz ölkəsini yox, bütün regionu əhatə edir. Filmin monumentallığı, tarixi elementləri və ekoloji xüsusiyyəti diqqət çəkir”.

Qeyd edək ki, bu, “Kür” film layihəsinin 4-cü beynəlxalq uğurudur. Bundan əvvəl layihə “KinoLab” layihəsinin pitçinqinin qalibi, CineDoc Mentorluq proqramının iştirakçısı və pitçinqin qaliblərindən biri, Dəyişiklik Beynəlxalq Müştərək istehsal təlim proqramının iştirakçısı olub.

Rejissor Murad Allahverdinin layihədə iştirakına AKİ maddi dəstək göstərib.