Gəncə Dövlət Milli Dram Teatrında Vaqif Əmiraslanın “Gülüstan” pyesi əsasında eyniadlı tamaşasının məşqləri  başlanıb.

Bu barədə teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi, teatrşünas-tənqidçi Anar  Ərtoğrul Burcəliyev məlumat verib.

Onun sözlərinə görə, real həyat həqiqətləri üzərində hazırlanan tamaşa 44 günlük Vətən müharibəsinin ədəbi və bədii bütövlüyünü özündə əks etdirir və şanlı Zəfərə, şəhidlərimizin əziz xatirəsinə, müharibə veteranlarına ithaf olunub.

Tamaşa dəvət edilmiş gənc rejissor Fuad Cavadzadənin traktovkasında təqdim ediləcək. 

Yeni səhnə əsərinin quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadovdur, qrafik iş Sübhan İbrahimova məxsusdur.

Tamaşada Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Novruz  Cəfərov, Kəmalə Məmmədova daxil olmaqla, teatrın 30-dan çox aktyoru iştirak edəcək.

Anar Ərtoğrul Burcəliyevin bildirdiyinə görə, premyera may ayının 17-nə nəzərdə tutulub.