Aprelin 10-da Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qazaxbəyli kənd kitabxana filialında Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir təşkil edilib.
Tədbirdə şəhid ailələri, polkovnik-leytenant İsgəndər Mustafayev, şair Yasin Cavan, professor Valeh Nəsibli, şairə Raziyə Kamilqızı, Güləndam Dağlarqızı, xeyriyyəçi Leyla Əhmədova, aşıq Osman İncəli və digər qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxana filialının müdiri Sevinc Alməmmədova qeyd edib ki, 2016-cı ilin 2-5 aprel tarixlərində baş verən bu döyüşlər hər bir azərbaycanlı üçün qürur mənbəyidir. O bildirib ki, bu zəfər Azərbaycan Ordusunun gücünü, xalqımızın sarsılmaz iradəsini və vətənpərvərlik ruhunu bütün dünyaya nümayiş etdirib
Çıxış edənlər tarixə “Dördgünlük müharibə” kimi düşən Aprel döyüşlərinin tarixi əhəmiyyətindən söz açıblar. Bildiriblər ki, bu zəfər 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbənin mənəvi təməlini qoyub və Azərbaycan əsgərinin yenilməzliyini sübut edib.
Tədbir çərçivəsində Raziyə Kamilqızının “Vətənin ölməz səsi” adlı kitabının təqdimatı keçirilib. Müəllif öz kitablarını şəhid ailələrinə və kitabxana fonduna hədiyyə edib.
Tədbirin bədii hissəsində aşıq Osman İncəli qəhrəmanlarımızın ruhuna ithaf olunan “Misri” havasını ifa edib.
Sonda qonaqlar şəhidlərin şəxsi əşyalarından ibarət sərgiyə baxış keçiriblər.






















