Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti nəzdində Dövlət Dilində İşin Aparılması üzrə Təlim və İxtisasartırma Mərkəzinin direktoru professor İnomjon Azimovun rəhbərlik etdiyi heyətlə görüşüb.
Akademik İsa Həbibbəyli iki ölkənin Elmlər akademiyaları və universitetləri arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edərək, hər il fevral ayında Bakıda böyük mütəfəkkir Əlişir Nəvainin xatirəsinə həsr olunmuş "Nəvai günləri"nin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib.
“Nizami Gəncəvi, Məhəmməd Füzuli və Əlişir Nəvai təkcə Türk dünyasının deyil, bəşəriyyətin dühalarıdır. Əlişir Nəvai Nizami Gəncəvini özünə ustad hesab edib, bu mənəvi varislik əsrlər boyu xalqlarımızı bir-birinə bağlayıb. Son illərdə AMEA-da Əlişir Nəvai haqqında kitablar çap edilib, elmi konfranslar keçirilib. Nizami Gəncəvinin “Xəmsə”si özbək dilinə, Əlişir Nəvainin “Xəmsə”si Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub. Özbəkəsilli tədqiqatçı Xalid Səid Xocayev M.Kaşğarinin “Divanü lüğat-it-türk” əsərini dilimizə tərcümə edib”, – deyə İsa Həbibbəyli diqqətə çatdırıb.
AMEA rəhbəri Birinci Türkoloji Qurultayın (1926) 100 illiyi ilə ilə bağlı bu günlərdə Bakıda keçirilmiş yubiley tədbirində Özbəkistan nümayəndə heyətinin fəal iştirakını qeyd edib.
Professor İnomjon Azimov Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin həm elm, həm mədəniyyət, həm də ortaq gələcəyə baxış istiqamətində daha da dərinləşməkdə davam etdiyini bildirib. Bu gün Bakıda göstərilən qardaşlıq münasibəti və birgə araşdırmalar üçün yaradılan şəraiti xalqlarımızın ortaq gələcəyinə xidmət edən ən böyük töhfə kimi qiymətləndirib.
O, rəhbərlik etdiyi mərkəzin Özbəkistanda dövlət dilinin tədrisi və tətbiqi istiqamətində mühüm missiyanı yerinə yetirdiyini deyib. Ortaq dilimizi müasir elmi metodlarla inkişaf etdirmək istiqamətində AMEA-nın müvafiq institutları ilə sıx və məhsuldar əməkdaşlıq quracaqlarını vurğulayıb.






















