Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Qazaxıstanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirib. Bu günlərdə Almatı şəhərində keçirilən Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu (6 aprel) çərçivəsində AzMİU ilə bir sıra nüfuzlu Qazaxıstan universitetləri arasında mühüm görüşlər keçirilib və yeni əməkdaşlıq sənədləri imzalanıb.
Bu barədə AzMİU-dan məlumat verilib.
Forumda AzMİU-nu tədris işləri üzrə prorektoru professor Akif Qasımov və Beynəlxalq ortaq təhsil proqramlarının idarə edilməsi sektorunun müdiri Könül Şirinova təmsil ediblər.
Görüşlər zamanı tərəflər arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı, birgə təhsil proqramlarının həyata keçirilməsi, akademik mübadilə imkanlarının genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub.
Forum çərçivəsində Qazaxıstanın ali təhsil müəssisələri ilə 4 sənəd imzalanıb. Bu sənədlər universitetlərarası əlaqələrin yeni mərhələyə keçməsinə və konkret təhsil proqramlarının icrasına zəmin yaradır. Bu əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsinin təşkili, birgə elmi layihələrin həyata keçirilməsi, ikili diplom proqramlarının tətbiqi və tədris təcrübəsinin qarşılıqlı paylaşılması nəzərdə tutulur. AzMİU ilə Qazaxıstan universitetləri arasında qurulan bu əlaqələr yalnız akademik sahə ilə məhdudlaşmır, eyni zamanda, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, mühəndislik və inşaat sahəsində innovativ yanaşmaların tətbiqi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Görüşlər zamanı tərəflər gələcəkdə əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni ixtisaslar üzrə birgə proqramların hazırlanması və regional səviyyədə elmi-təhsil platformalarının yaradılması istiqamətində razılığa gəliblər.






















