Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti nəzdində Dövlət Dilində İşin Əsasları üzrə Təlim və Peşəkar İnkişaf Mərkəzinin rəhbərliyi aprelin 9-da Milli Kitabxananın qonağı olub.

Bu barədə kitabxanadan məlumat verilib.

Kitabxananın direktoru professor Kərim Tahirov qonaqlarla görüşdə Azərbaycan Milli Kitabxanası ilə Özbəkistan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, kitabxananın fondundakı özbək ədəbiyyatı, eləcə də Beynəlxalq əməkdaşlıq zalında yaradılan və mütəmadi olaraq yenilənən daimi bölmə haqqında məlumat verib.

Qeyd olunub ki, Azərbaycan Milli Kitabxanasında Özbəkistan ədəbiyyatı bölməsi 2019-cu ildə yaradılıb, Özbəkistan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsi isə 2024-cü ildə Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində təşkil edilib.

Mərkəzin rəhbəri filologiya elmləri doktoru, professor İnomcon Azimov Azərbaycan və özbək xalqlarının ədəbi-mədəni əlaqələrinin zəngin tarixi haqqında danışıb, bu əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən söz açıb. O, səmimi qəbula görə kitabxananın rəhbərliyinə dərin təşəkkürünü bildirərək I Türkoloji Qurultay haqqında kitabını Kərim Tahirova təqdim edib.

Qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olub və Beynəlxalq əməkdaşlıq zalındakı “Özbəkistan ədəbiyyatı bölməsi”nə yeni kitablar hədiyyə ediblər.

Direktor Kərim Tahirov da onlara “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu və milli suvenirlər hədiyyə edib.