Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə “Azərbaycan aşıq yaradıcılığında milli-mənəvi dəyərlərin təcəssümü” mövzusunda elmi-praktik seminar keçiriləcək.
MEMİM-dən bildirilib ki, seminar aprelin 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində təşkil olunacaq.
Məqsəd Azərbaycan folklorunun ən böyük qollarından biri olan aşıq yaradıcılığı vasitəsilə xalqın milli-mənəvi dəyərlərinin qorunması, vətənə olan məhəbbəti öz yaradıcılığında tərənnüm etmiş aşıqların tanıdılması, həmçinin bu qədim irsin gələcək nəsillərə ötürülməsidir.
Seminarda folklorşünas alim və mütəxəssislərin mövzuya həsr olunan çıxışları dinləniləcək, bu ulu sənətin yaşadılması və təbliği ilə bağlı müzakirələr aparılacaq.
Tədbir çərçivəsində tanınmış aşıqların ifalarından ibarət bədii proqram təqdim olunacaq.



















