Mərakeşin turizm sektoru yeni bir mərhələyə çataraq strateji hədəflərini vaxtından əvvəl üstələyib və iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi mövqeyini daha da gücləndirib.
Bu barədə Mərakeş Krallığının Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda bildirilir.
Mərakeş 2025-ci ildə təxminən 20 milyon turist qəbul edib, bu da cari – 2026-cı il üçün nəzərdə tutulan 17,5 milyon ziyarətçi hədəfini əhəmiyyətli dərəcədə üstələyib. Ölkənin turizm gəlirləri 13,8 milyard ABŞ dollarına yüksələrək proqnozları vaxtından bir il əvvəl keçib.
Həmçinin 2025-ci ildə sektor 894 min iş yeri ilə milli turizm yol xəritəsində (2023–2026) 2026-cı il üçün müəyyən edilmiş hədəfi ötüb.
Ölkənin Planlaşdırma üzrə Ali Komissiyasının (HCP) məlumatlarına görə, turizm sənayesi cəmi üç il ərzində 92,000 əlavə iş yeri yaradıb və bu göstərici 2022-ci ildəki 802 mindən 2025-ci ildə 894 minə yüksəlib.
Bu diqqətəlayiq artım sektorun tam genişlənmə mərhələsində olduğunu əks etdirir.
Eyni zamanda yüksək göstəricilər Mərakeşin iqtisadi transformasiyasında turizmin mərkəzi rolunu vurğulayır. Xarici valyuta gəlirləri yaratmaqdan əlavə, sektor Krallığın qlobal cəlbediciliyini artırır və ölkənin beynəlxalq turizm səhnəsində ən dinamik və rəqabətqabiliyyətli istiqamətlərdən biri olduğunu göstərir.
Məlumatda həmçinin diqqətə çatdırılır ki, Mərakeş hotel inkişafına görə Afrikanın ikinci böyük mərkəzidir və hotellər şəbəkəsi üzrə ümumilikdə 11 minə yaxın otaq sayı ilə yalnız Misirdən geri qalır. Güclü turizm dinamikası və aparıcı beynəlxalq hotel şəbəkələrindən artan maraq sayəsində Mərakeş Afrikanın ən cəlbedici qonaqpərvərlik bazarlarından biri kimi mövqelərini möhkəmlədir.






















