İstanbulda keçirilən “Stratcom Summit 26” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında görüş keçirilib.
Bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında media sahəsində mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi, xüsusilə dezinformasiya ilə mübarizə istiqamətində birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub. Vurğulanıb ki, qlobal informasiya məkanında baş verən transformasiyalar, eləcə də saxta və manipulyativ məzmunların artan təsiri dövlət qurumları arasında daha sıx koordinasiya və sistemli əməkdaşlığı zəruri edir.
Görüşün sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti arasında "Azərbaycan-Türkiyə Birgə Media Platformasının birgə işçi komissiyasının və komitələrinin yaradılması haqqında anlaşma memorandumu” imzalanıb. Sənəd tərəflər arasında institusional əməkdaşlığın daha da dərinləşdirilməsini, birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsini və koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.






















