95 yaşını qeyd etməyə hazırlasan Azərbaycan Dövlət Kukla Teatrı yubiley ilində balaca tamaşaçıları yeni səhnə işləri ilə sevindirir.
Repertuar planına uyğun olaraq Azərbaycan xalq nağılları sırasında özünəməxsus yeri olan və nəsillər boyu uşaqların sevimlisinə çevrilən “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı yenidən səhnəyə gətirilir.
Azərbaycan folklorunda xüsusi yer tutan bu nağıl kukla teatrının səhnəsində dəfələrlə tamaşaya qoyulub və hər dəfə balacaların böyük marağı ilə qarşılanıb. Bu dəfə isə yaradıcı heyət nağılı yeni səhnə baxışında, daha dinamik, rəngarəng və müasir teatr həllində təqdim edir.
Nağılın əsas süjeti, ideyası və tərbiyəvi mahiyyəti saxlanmaqla tamaşa üçün müəyyən dramaturji ixtisarlar edilib və səhnə uyğunlaşdırmaları aparılıb. Bu yanaşma sayəsində klassik folklor nümunəsi müasir səhnə dili ilə təqdim olunur və tamaşaçını nağılın sehrli dünyasına aparır.
Teatrdan verilən məlumata görə, “Şəngülüm, Məngülüm” adı ilə səhnələşdirilən tamaşada plastikaya, musiqiyə və vizual həllə xüsusi diqqət yetirilib. Rəngarəng dekorasiya tamaşanın emosional təsirini daha da artırır.
Tamaşanın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır.
Birhissəli kukla tamaşasında obrazları teatrın aktyorları Səbinə Məmmədova, Elnarə Hacıyeva, Könül Nəsibova, Firuzə Nəsibli, Məmmədşah Təhməzov, Yusif Baxşəliyev və Yasin Abbasov (iki heyətdə) canlandırırlar.
Səhnə əsərinin əsas məqsədi uşaqlara həm maraqlı və əyləncəli teatr ab-havası yaşatmaq, həm də xalq nağıllarımızın zəngin irsini yeni nəsillərə onların baxış bucağı və vizual zövqünə xitab etməklə sevdirməkdir.
“Şəngülüm, Məngülüm” tamaşasının premyerası 29 martda keçiriləcək. Premyera günü tamaşa saat 12:00, 14:00 və 16:00 seanslarında nümayiş olunacaq.
Azərbaycan Dövlət Kukla Teatrı bütün balaca tamaşaçıları və valideynləri rəngarəng nağıl dünyasına səyahətə dəvət edir.






















