AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Səfa Qarayevin “Dede Korkut Oğuznamesi: metaforlar ve psikoanalitik çözümlemeler” adlı kitabı Türkiyənin “Çınaraltı” nəşriyyatı tərəfindən çap edilib.

İnstitutdan bildirilib ki, kitabın tərcüməsi Azərbaycan elmi və bədii ədəbiyyatının türkçəyə çevrilməsində xüsusi təcrübəsi olan Alpaslan Demir tərəfindən həyata keçirilib.

Dosent Səfa Qarayev bu tədqiqatında Oğuz hekayələrinin mifoloji alt qatlarına enərək, onları metaforların qurduğu məna şəbəkələri və psixoanalitik oxunun təqdim etdiyi anlayışlar vasitəsilə yenidən şərh edir. Kitabda “Kitabi-Dədə Qorqud” eposunun məna dünyası sosial-antropoloji və psixoanalitik yanaşma metodu ilə araşdırılıb. Müəllif göstərir ki, “Kitabi-Dədə Qorqud”da və bu ənənəyə aid başqa folklor mətnlərində süjet və motivlər insanın psixoloji dünyasının metaforik ifadəsidir. Bu yanaşmanın əsas nəticələrindən biri də eposun kişi dünyasının və kişi düşüncə tərzinin bədii ifadəsi kimi dəyərləndirilməsidir.

İki fəsildən ibarət olan əsərin birinci fəsli “Kitabi-Dədə Qorqud”da (“KDQ”) epik reallıq və metaforik məna”, ikinci fəsli isə “KDQ”-də dəlilik: psixosemantik etiologiyası və simvolik semantikası” adlanır.

Tədqiqatın diqqətəlayiq metodoloji yeniliklərindən biri də eposdakı çoxsaylı fakt və konfliktlərin "Edip kompleksi" kontekstində təhlil olunmasıdır. Müəllif "Edip kompleksi"nə yalnız psixoanalitik nəzəriyyənin klassik anlayışı kimi yanaşmır, bu kompleksi eyni zamanda insanın emosional reallığının və sosial kimliyinin formalaşmasında mühüm rol oynayan sosial-psixoloji münasibətlər səviyyəsi kimi nəzərdən keçirir.