27-29 mart tarixlərində Ankarada Türk Dünyası Nəşriyyat Konqresi keçirilir.
Konqres Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsi tərəfindən təşkil olunub.
Tədbirə on ölkədən rəsmilər, 140-dək nəşriyyat və ədəbiyyat üzrə müəlliflik haqları agentləri qatılıb. Üç gün ərzində nəşriyyat, ortaq türk dili, tərtibat, idarəçilik, təhsil və tərcümə sahələrində fikir mübadiləsi aparılacaq, ayrı-ayrı ölkələrin nümayəndələrindən ibarət işçi qrup tərəfindən təkliflər hazırlanaraq konqresə təqdim olunacaq.
Konqresdə Azərbaycandan da nümayəndə heyəti iştirak edir. Heyətə Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, Milli Kitabxana və bir sıra nəşriyyatların nümayəndələri daxildir.
Xatırladaq ki, Ankara şəhəri 2026-cı ildə "Türk Dünyasının Turizm Paytaxtı" elan edilib. İl ərzində bu çərçivədə Türk dünyasının mədəni irsi ilə bağlı silsilə tədbirlər də nəzərdə tutulub.





















