Martın 24-də Macarıstanın paytaxtı Budapeştdə yerləşən Milli Seçeni Kitabxanasında (National Széchényi Library) Azərbaycan ədəbiyyatı bölməsinin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Macarıstan Milli Kitabxanasının direktoru David Rozsa, Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyinin ictimai kolleksiyalar və mədəni inkişaf üzrə dövlət katibinin müavini Mate Vincze, Xarici İşlər və Ticarət Nazirliyinin təhsil, təqaüd proqramları və elmi diplomatiya üzrə dövlət katibinin müavini İmre Adam Szücz, hər iki ölkənin mədəniyyət və elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bu barədə Azərbaycan Milli Kitabxanasından məlumat verilib.

Tədbiri açan Macarıstan Milli Kitabxanasının direktoru David Rozsa iki ölkə arasında mədəni əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. O, Milli Seçeni Kitabxanasında Azərbaycan ədəbiyyatı bölməsinin açılışını bu əməkdaşlığın mühüm göstəricisi kimi dəyərləndirib. Bildirib ki, kitabxanalar yalnız bilik mənbəyi deyil, həm də müxtəlif xalqları, dilləri və mədəniyyətləri birləşdirən mühüm mədəni platformalardır. Onun sözlərinə görə, bu cür layihələr xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir və ortaq dəyərləri ön plana çıxarır.

Direktor qeyd edib ki, Azərbaycan Milli Kitabxanası ilə Seçeni Milli Kitabxanası arasında əməkdaşlıq uğurla inkişaf edir və 2032-ci ilə qədər qüvvədə olan razılaşma birgə layihələr üçün möhkəm əsas yaradır. Son illərdə Azərbaycan tərəfinin dəstəyi ilə kitabxananın fondu Azərbaycan nəşrləri ilə zənginləşdirilib və hazırda burada 150-dən artıq Azərbaycan kitabı təqdim olunur. Bu nəşrlər ölkənin tarixi, ədəbiyyatı və mədəniyyəti haqqında dolğun təsəvvür yaradır. O, həmçinin xatırladıb ki, 2024-cü ildə Bakıda Macarıstan ədəbiyyatı bölməsinin açılması qarşılıqlı mədəni əməkdaşlığın bariz nümunəsidir və Budapeştdə Azərbaycan guşəsinin yaradılması bu əməkdaşlığın davamıdır.

Səfir Tahir Tağızadə çıxış edərək bildirib ki, Azərbaycan ilə Macarıstan arasında əlaqələr son illərdə bütün sahələr üzrə, xüsusilə mədəniyyət istiqamətində dinamik şəkildə inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan ədəbiyyatının Macarıstanda təqdim olunması ölkəmizin zəngin mədəni irsinin beynəlxalq müstəvidə tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfir qeyd  edib ki, Azərbaycan ədəbiyyatı əsrlər boyu formalaşaraq humanizm, tolerantlıq və multikultural dəyərləri özündə ehtiva edir. Vurğulanıb ki, yaradılan bölmə macar oxuculara Azərbaycan xalqının tarixi, düşüncə tərzi və ədəbi ənənələri ilə yaxından tanış olmaq imkanı verəcək.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında bildirib ki, bu təşəbbüs Azərbaycan ilə Macarıstan arasında dostluq münasibətlərinin və mədəni əməkdaşlığın növbəti mühüm göstəricisidir, kitabxanalar yalnız informasiya mərkəzləri deyil, həm də xalqların tarixi yaddaşını və milli-mənəvi dəyərlərini qoruyan vacib mədəniyyət ocaqlarıdır. Direktor xatırladıb ki, hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum 3 fevral 2022-ci ildə imzalanıb və bu sənəd birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradıb. Macarıstan Milli Kitabxanasında açılan Azərbaycan ədəbiyyatı bölməsi həmin əməkdaşlığın uğurlu nəticələrindən biridir.

Kərim Tahirov layihənin həyata keçirilməsində əməyi olan tərəflərə təşəkkür edib və bu əməkdaşlığın gələcəkdə yeni elmi və mədəni layihələrə yol açacağına əminliyini ifadə edib.

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Adam İmre Szücz də çıxışında bu təşəbbüsün Azərbaycan ilə Macarıstan arasında mədəni əlaqələrin inkişafında mühüm mərhələ olduğunu vurğulayıb. Qeyd edib ki, kitablar mədəni diplomatiyanın ən güclü vasitələrindən biridir. Bu baxımdan Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi kitabxanalararası əməkdaşlığı daim prioritet istiqamətlərdən biri kimi dəstəkləyir. Onun sözlərinə görə, nazirliyin nəzdində fəaliyyət göstərən Banffy Miklos Kitabxanası on ildə dünyanın 50-dən çox ölkəsində, 80 şəhərdə fəaliyyət göstərən kitabxanalara 5 mindən artıq kitab hədiyyə edib.

Milli Seçeni Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası əməkdaşlığın da hər iki ölkənin hökumətləri, diplomatik nümayəndəliklər tərəfindən dəstəkləndiyi bildirilib. Həmçinin Bakıda Azərbaycan Dillər Universitetində macar dilinin, Budapeştdə isə Lorand Universitetində Azərbaycan dilinin tədrisinin əhəmiyyəti xüsusi vurğulanıb.

Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyinin İctimai kolleksiyalar və mədəni inkişaf üzrə dövlət katibinin müavini Mate Vincze qeyd edib ki, Macarıstan hökuməti mədəni əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir və bu cür layihələr qarşılıqlı anlaşmanı gücləndirir.

Çıxışlardan sonra tədbir iştirakçıları Azərbaycan ədəbiyyat bölməsi ilə yaxından tanış olublar.