Ənənəvi olaraq bu il də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə Bakı İdman Sarayında Novruz bayramı münasibətilə uşaqlar üçün şənliklər keçirilir.
20-25 mart tarixlərini əhatə edən bayram proqramına milli musiqi nömrələri, tanınmış müğənnilərin çıxışları, əyləncəli və interaktiv oyunlar daxildir.
Şənliklər zamanı Novruz bayramının sevilən personajları – Keçəl, Kosa, Bahar qızı, həmçinin müasir cizgi filmlərinin məşhur qəhrəmanları uşaqlara unudulmaz anlar yaşadır.
Əməkdar artist Elman Rəfiyevin aparıcılığı ilə gerçəkləşən proqramda uşaqları əyləncə ilə yanaşı, təşkilatçılar tərəfindən xüsusi Novruz hədiyyələri də gözləyir.
























