Martın 19-da Novruz bayramı münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) rayon üzrə müəssisələrinin iştirakı ilə Nizami adına Mədəniyyət və istirahət parkında ümumrayon bayram tədbiri keçirilib.

Quba-Xaçmaz RMİ-dən verilən məlumata görə, tədbirdə rayonun icra başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, rayon və regional idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Parkda Quba Tarix-Diyarşünaslıq Muzeyinin səyyar sərgisi təşkil edilib. Sərgidə qədim mis və saxsı qablar, kəlağayı, sumax xalça, sandıqlar və digər qədim əşyalar, həmçinin muzeyin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət rəsm əsərləri nümayiş etdirilib.

Şənlik Bahar qızı və Dədə Qorqudun Novruz təbrikləri ilə başlanıb.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və digər rəsmilər parkın ərazisində rayonun idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən təşkil edilmiş bayram guşələrinə baxış keçiriblər.

Sonra Novruz tonqalı qalanıb.

Ümumrayon tədbiri konsert proqramı ilə davam edib.