Xalqımızın qədim bayramı və zəngin folklor yaddaşı olan Novruzun gəlişi Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi şəhər və rayonlarda da təntənə ilə qeyd olunur.
Martın 17-də Ağdaş şəhərindəki Heydər Əliyevin adına parkda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran RMİ-nin rəhbərliyi, şəhid ailələrinin üzvləri, müharibə veteranları, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dədə Qorqudun Novruz duası, xalqımıza ruzi-bərəkət, sülh və əmin-amanlıq arzuları səsləndirilib, bayram tonqalı yandırılıb. Novruzun rəmzi olan personajlar Kosa və Keçəl öz çıxışları ilə bayram ovqatını daha da artırıb.
Şənlikdə müxtəlif idman növləri üzrə maraqlı kompozisiyalar nümayiş etdirilib, milli mətbəx nümunələri, çoxəsrlik maddi-mədəni irsimizi və qədim adət-ənənələri əks etdirən eksponatlar, rəsm sərgiləri, dekorativ-tətbiqi sənət nümunələri, məktəblərin STEAM layihələri, milli rəqslər, kəndirbazların çıxışları hər kəsin marağına səbəb olub.
Tədbir Mərkəzi Aran RMİ-nin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri əməkdaşlarının ifasında konsert proqramı ilə davam edib.
***
Martın 17-də Yevlax Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş konsert təşkil edilib. İcra Hakimiyyətinin qarşısındakı meydanda keçirilən konsertə yüzlərlə şəhər sakini toplaşıb. Şən mahnı və rəqs nömrələri hər kəsə xoş ovqat bəxş edib.
***
Daha bir bayram şənliyi martın 17-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Mingəçevir Dövlət Dram Teatrının dəstəyi, Mingəçevir şəhər Mədəniyyət Mərkəzinin (Mərkəzi Aran RMİ) təşkilatçılığı ilə gerşəkləşib.
Novruz bayramı ərəfəsində qeyd edilən çərşənbələrdən dördüncüsü – Torpaq çərşənbəsi (İlaxır çərşənbə) münasibətilə keçirilən şənlik Mədəniyyət Mərkəzinin qarşısında baş tutub.
Xalq ədəbiyyatının müdrik obrazı Dədə Qorqud, yaz fəslinin siması olan Bahar qızı meydana gələrək tədbir iştirakçılarını təbrik ediblər. Novruzun əsas rəmzlərindən olan bayram tonqalı qalanıb.
Mədəniyyət işçilərinin bayram ab-havalı musiqi və rəqs nömrələri ilə tədbirə öz töhfələrini veriblər.


























