Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun (1906–1956) 120 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, silsilə tədbir və layihələr həyata keçirilir.

Səməd Vurğunun Bakıdakı ev-muzeyində də böyük şairin yubileyinə həsr olunan tədbirlər təşkil edilir.

Martın 17-də muzeyin və “Gənc şairlər” uşaq ədəbi layihəsinin birgə təşkilatçılığı ilə ədəbi-musiqili axşam keçirilib.

Bu barədə muzeydən məlumat verilib.

Şairin zəngin ədəbi irsinin təbliği, Azərbaycan poeziyasına gənc nəslin marağının artırılması, həmçinin milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması məqsədilə təşkil edilən tədbirdə əvvəlcə muzeyin direktoru Vurğun Vəkilov və “Gənc şairlər” uşaq ədəbi layihəsinin rəhbəri  Azərbaycan Yazıçılar Birliyinin üzvü, pedaqoq Lalə Həsənova çıxış ediblər.

Gecənin proqramında “Gənc şairlər” uşaq ədəbi layihəsi iştirakçıları tərəfindən Səməd Vurğunun şeirləri qiraət edilib, şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verilib. Ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Çıxışlar arasında pianoda İradə Hasilovanın ifasında T.Quliyevin “Gölün sahilində” və İmran Şıxıyevin ifasında A.Məlikovun “Prelüdiya” əsərləri səsləndirilib.