Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) tabe müəssisələrinin iştirakı ilə martın 10-da Novruz çərşənbələrindən üçüncüsü – Yel çərşənbəsi münasibətilə şənliklər təşkil edilib.

İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan RMİ-nin rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə İmişli rayon Mədəniyyət Mərkəzinin Məzərli kənd Diyarşünaslıq evinin qarşısındakı istirahət parkında “Yelin səsi, baharın müjdəsi” adlı bayram tədbiri keçirilib.

Bu barədə regional idarə məlumat yayıb.

Tədbirdə rayonun icra başçısı Elçin Rzayev, Mil-Muğan RMİ-nin rəisi Nadir Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Tədbir çərçivəsində Yel çərşənbəsinin və Novruz ənənələrinin rəmzlərini əks etdirən sərgiyə baxış keçirilib. Sərgidə milli mətbəx nümunələri, xalq sənətkarlığı məhsulları, Novruz atributları nümayiş etdirilib.

Rəsmi hissədə çıxış edənlər Yel çərşənbəsinin, Novruz bayramının xalqımızın qədim inanc və ənənələrində xüsusi yer tutduğunu qeyd edərək, bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin təqdimatında Yel çərşənbəsinə və Novruz bayramına həsr olunmuş səhnəciklər və folklor nümunələri nümayiş etdirilib. Bayram ab-havasını əks etdirən rəqs kompozisiyaları təqdim olunub, müxtəlif musiqi nömrələri iştirakçılara xoş ovqat bəxş edib.

***

Mil-Muğan RMİ-nin tabeliyində fəaliyyət göstərən Saatlı rayon Heydər Əliyev Mərkəzində “Novruzun üçüncü müjdəsi: Yel çərşənbəniz mübarək!” adlı tədbir keçirilib.

Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Novruz bayramının xalqımızın zəngin milli-mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayaraq, əsrlər boyu qorunub saxlanılan adət-ənənələrin gənc nəslə aşılanmasının əhəmiyyətindən bəhs ediblər.

Tədbirin bədii hissəsində məktəb şagirdlərinin ifasında musiqi nömrələri təqdim olunub. Şən mahnılar və milli rəqslər, o cümlədən “Nəlbəki” rəqsi maraqla qarşılanıb.

Tədbir çərçivəsində Novruzun adət-ənənələrini əks etdirən bədii kompozisiyalar nümayiş etdirilib.

Heydər Əliyev Mərkəzinin foyesində xalq tətbiqi sənəti və milli mətbəx nümunələrini əks etdirən sərgi də təşkil olunub.

***

Yel çərşənbəsinə həsr olunan daha bir tədbir Mil-Muğan RMİ-nin Sabirabad rayonu üzrə mədəniyyət müəssisələrin iştirakı ilə təşkil edilib.