Azərbaycan Milli Xalça Muzeyi ənənəyə sadiq qalaraq Novruz bayramının tarixinə həsr edilmiş məzmunlu və gözəl təəssürat bəxş edən tədbirə ev sahibliyi etdi.
Martın 7-də rus dilində təşkil edilmiş “İki bahar” (“Две весны”) adlı tədbir iştirakçılar arasındakı digər xalqların da nümayəndələri olan insanlarda Novruz bayramının ənənələri, qədim tarixi və bugünü haqqında ətraflı və ən əsası, düzgün təsəvvür yaratmaq məqsədi daşıyırdı.
Muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova və sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanın Novruz bayramı haqqında fikirləri qonaqlarda mövzuya canlı maraq yaratdı.
Əminə Məlikova tikmə sənətinin bir qolu olan quramanın, Novruz şirniyyatlarının, ümumilikdə məişət mədəniyyətimizin Azərbaycanın bölgələri üzrə müqayisəli fəlsəfəsindən bəhs etdi.
Kübra Əliyevanın çıxışı isə elmi araşdırmalarının arxeoloqlarla sıx işbirliyinə dayandığını göstərdi, tarixi bizim eradan əvvəllərə gedib çıxan bu bahar, yenilənmə, yeni gün bayramının, gecə-gündüz bərabərliyi təntənəsinin, nəhayət, dolayısı ilə milli kimlik izlərimizin qədim təsvirlərdəki təsdiqinə dair interaktiv görüntülərlə müşayiət olundu.
Hər iki çıxışda elmi mətləblərin səmimi tonda təqdimatı fərqli millətlərin mənsublarına Novruz bayramı vasitəsilə Azərbaycan xalqının tarixinə maraq aşıladı.
Bizə gəlincə isə, milli qürur və özünəinam hissimiz daha da artdı. Bir sözlə, tədbirin lektoriya hissəsi Novruz bayramına aid bilgilərimizi yeniləməyə və zənginləşdirməyə xidmət etmiş oldu.
Kübra Əliyevanın məruzəsi iki hissədən ibarət idi: birinci hissə Novruz bayramının tarixinə, ikinci hissə ənənələrinə həsr edilmişdi. Düşünülmüş şəkildə tərtib edilmiş proqrama uyğun olaraq məruzələr arasında şəkərbura ustad-dərsi və müsabiqəsi, Novruz ənənələrindən biri olan yenicə toxunub başa çatdırılmış xalçanın kəsilməsi mərasimi də baş tutdu.
Muzeyin ənənəvi texnologiyalar şöbəsinin rəhbəri Əməkdar rəssam Tariyel Bəşirov məlumat verdi ki, şöbənin xalçaçıları Gülxar Soltanova, Ulduz Nəcəfova və Rəna Süleymanova bu nümunəni dörd ay müddətində Şirvan qrupuna aid “Pirhəsənli” xalçasının replikası olaraq toxuyublar.
Mədəni tur muzeyin kütləvi işlər üzrə direktor müavini Aynur Məmmədovanın ekspozisiya zalları üzrə maraqlı ekskursiyası ilə başa çatdı.
“İki bahar” mədəni turu adını tam doğruldaraq həm 8 Mart – Beynəlxalq Qadınlar Günü, həm də Novruz bayramının məzmunlu gözəlliyini özündə ehtiva edən nümunəvi tədbirlərdən biri kimi yadda qaldı.
Samirə Behbudqızı























