2026-cı ildə “Türk Dünyasının Turizm Paytaxtı” olan Ankarada bu çərçivədə silsilə tədbir və layihələr həyata keçirilir.
İyunun 26-da Ankara Sosial Elmlər Universitetində (ASBÜ) təşkil olunan “Türk dünyasında Ankaranın tarixi və mədəni dəyərlərinin anlamı” mövzusunda seminar da qəbildəndir.
Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin dəstəyi, Mədəniyyət və İncəsənət Yazarları Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirə azərbaycanlı media və incəsənət təmsilçiləri də qatılıblar.
Ankaranın tarixi, mədəni və mənəvi irsinə həsr olunmuş tədbirdə Türkiyənin dövlət qurumlarının və siyasi partiyalarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ekspertlər iştirak ediblər.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini və Ankara millət vəkili Mevlüt Karakaya, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri professor Aygün Attarın da çıxış etdiyi tədbirdə Türkiyə paytaxtının tarixi və sivilizasiya yolu onun Türk dünyasının inkişafına verdiyi töhfələr kontekstində dəyərləndirilib.
Ankaranın 2026-cı il üçün “Türk Dünyasının Turizm Paytaxtı” elan edilməsinin türk xalqları arasında əlaqələrin möhkəmləndirilməsi və mədəni mübadilə üçün yeni imkanların yaradılması istiqamətində mühüm addım olduğu vurğulanıb. Bu missyanın Ankaranın turizmin cazibə mərkəzi kimi əhəmiyyətini daha da artıracağına, Türk dünyasının mədəniyyəti və tarixi ilə maraqlanan turistləri Türkiyə paytaxtına daha çox cəlb edəcəyinə əminlik ifadə olunub.
Tədbir iştirakçılarına Azərbaycan və Özbəkistanda Türkiyə şəhərlərinin populyarlığı mövzusunda keçirilmiş videosorğu da nümayiş etdirilib.
Müzakirələr ASBÜ-nün müəllimi Əminə Sekmen Adalının moderatorluğu ilə panel formatında davam etdirilib.
Paneldə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Ankaranın Qazi Universitetinin professoru Oğuzxan Aydın, azərbaycanlı teatr və kino rejissoru Səidə Haqverdiyeva çıxış ediblər.
Rəşad Məcid Türk Dövlətləri Təşkilatının platformasında əməldaşlığın inkişafında mədəniyyətin mühüm yeri olduğunu deyib, bu xüsusda Türk dünyasının ziyalıları arasında dialoqun daha da möhkəmləndirilməsinə çağırış edib. Bildirib ki, “Türk Dünyasının Turizm Paytaxtı” statusu Ankaranın turizm potensialının beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcək. O, həmçinin Türkiyə ilə Azərbaycan arasında qardaşlığın və həmrəyliyin sarsılmaz olduğunu vurğulayıb.
Rejissor Səidə Haqverdiyeva Azərbaycan paytaxtı Bakı kimi Ankaranın da qədim və zəngin mədəni irsə malik olduğunu vurğulayaraq bildirib ki, “Türk Dünyasının Turizm Paytaxtı” kimi bu şəhəri daha cəlbedici etmək üçün aidiyyəti qurumların gördükləri işlər təqdirəlayiqdir: “Ümid edirəm ki, "Ankaranın tarixi və mədəni dəyərlərinin Türk dünyasında mənası” seminarı çərçivəsində təşkil edilən bu cür fəaliyyətlər Ankaranın qədim tarixini, mədəniyyətini, gözəlliyini görmək üçün gələn turistlərin sayını daha da çox artıracaq”.
Seminarın sonunda qonaqlara iştirakçı sertifikatı təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin başçılıq etdiyi heyət sözügedən seminarda iştirak üçün Türkiyə paytaxtına üçgünlük səfər edib. Seminarın məqsədi Ankaranın Türk dünyasındakı tarixi, mədəni və mənəvi mövqeyi ilə bağlı ümumi baxışı əks etdirən sənədin hazırlanmasıdır.
Mehparə Sultanova
Ankara
























