Dünya bir bazardır, çünki hər şey alınır və satılır. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 1855-ci ildə qələmə aldığı komediyanın baş qəhrəmanı Hacı Qara dünyanı bu cür görür. Haqsız da sayılmaz.
Amma əsərdə baş verən və özünün də iştirakçısı olduğu hadisələrin sonunda qənaəti dəyişir: bu dünyada pulla almaq mümkün olmayan iki şey var: biri dostluqda sədaqət, ikincisi isə eşqdir.
İyunun 27-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında premyerası keçirilən “Hacı Qara” tamaşasının əsas leytmotivi belə ifadə olunur.
M.F.Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” komediyasının yeni tamaşası Dilsuz Mustafayevin səhnə redaktəsi ilə hazırlanıb. Klassik komediyanın ruhunu qorunaraq, müasir teatr estetikası, dinamik səhnə həlli və aktyor ifalarının vəhdəti ilə tamaşaçılara təqdim edilir.
Tamaşaya görkəmli teatr rejissoru Xalq artisti Cənnət Səlimova quruluş verib.
Musiqi və rəqs nömrələri ilə zəngin olan (bir baxışda hətta operetta (əgər ifalar fonoqram olmasaydı) təsəvvürü yaradan) səhnə əsərinin bəstəkarı Firudin Allahverdi, xoreoqrafı Gülməmməd Şahverdiyevdir.
Baxımlı səhnə tərtibatı ilə də diqqət çəkən tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, rejissor assistenti Sona Məhərrəmovadır.
... Varlı ailədən olan Heydər bəy Sonanı sevir, amma atası ona zəngin bir ailədən qız almaq istəyir. O, sevgisindən dənməyəcəyini bildirəndə isə, atası onu pulsuz-parasız qoyur. İflasa uğramış Heydər bəy dostlarının tövsiyəsi ilə toy xərci əldə etmək üçün Hacı Qara ilə birlikdə Təbrizə qaçaqmal gətirməyə gedir... Qayıdıb sərhədi (Arazı) keçəndə onları rus (çar ordusu) əsgərləri ilə saxlayırlar. Təbii ki, ruslarla əlbir ermənilər də var...
Əsərin XIX əsrin ortalarında aid süjetinə tamaşada bir qədər fərqli baxış nəzərə çarpır. Xüsusilə də çağdaş tariximizin kontekstində. Bəzi epizodlarda Qarabağda qazandığımız tarixi Zəfərin ruhu hiss olunur.
Heydər bəy lovğa, quru bəy olsa da, mərd və cəsarətlidir. O və dostları dar gündə (rus-erməni hərbçilərinin onları saldıqları məhbəsdə) bir-birinə sadiqdirlər.
Hacı Qara rusların yerli tacirlərə tətbiq etdiyi məhdudiyyətlərə (İran və Türk-Osmanlı malları ilə deyil, rus malı ilə alver etsinlər deyə) qarşı açıq etirazını bildirməsi, səhnə arxasında kəndlilərin ayağa qalxması (çar üsul-idarəsinə qarşı üsyan) və Heydər bəylə dostlarının məhbəsdən azad edilməsi də komediyaya əlavə siyasi çalarlar qatır...
Tamaşa xoşbəxt sonluqla və sevgililərin vüsalı ilə bitir. Heydər bəy və Sona xanımın üç gün – üç gecə toy xərclərini isə Hacı Qara öz boynuna götürür və hamıya sübut edir ki, o, mərdi-xəsis deyil, xeyirxah, səxavətli tacirdir...
Səhnə əsərində Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Elnur Hüseynov, Gülər Nəbiyeva, Nəsibə Eldarova, aktyorlar Anar Seyfullayev, Ədalət Əbdülsəməd, Ramil Məmmədov, Kərəm Hadızadə, Rəşad Səfərov, Elşən Hacıbabayev, Natiq Fərzəliyev, Şəbnəm Hüseynova, Aygün Fətullayeva, Hüsniyyə Əhmədova, Eldar İmanov, Vüqar Məmmədəliyev, Elgün Yəhyayev, Nurlan Süleymanlı, Hilal Dəmirov, Xaliq Bəkirov, Gülbəniz Lətifova, Venera Abbasova, Aydın Dəmirov, Yusif Dadaşov, Tahir İsmayılov, İlahə Əmirxanova, İmdad Tofiqoğlu, Hüseyn Bayramov iştirak edirlər.
Qeyd edək ki, “Hacı Qara” Milli Gənc Tamaşaçılar Teatrının cari mövsümdə son premyerasıdır və klassik komediyanın yeni baxışda səhnə həllini sənətsevərlər növbəti mövsümdə izləyə biləcəklər.
Vüqar Orxan




























