Naxçıvan Dövlət Universitetində (NDU) 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş geniş tədbir keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdən öncə universitetin tələbələrinin idman sahəsində qazandıqları uğurlardan ibarət sərgiyə və İdman muzeyinə baxış olub.

Rektor Elbrus İsayev əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib, idmanın gənclərin sağlam həyat tərzinin formalaşmasında və mənəvi-psixoloji inkişafında mühüm rol oynadığını vurğulayıb. Tələbələrin müxtəlif idman yarışlarında qazandıqları nailiyyətlərdən danışan rektor qeyd edib ki, ölkəmizdə idmana göstərilən xüsusi diqqət və qayğı, eləcə də Prezident İlham Əliyevin bu sahədə imzaladığı fərman və sərəncamlar Azərbaycanın idman potensialının inkişafına mühüm töhfə verir.

Universitetin İdman klubunun sədri Məmmədəli Rəhimov çıxışında qeyd edib ki, ali təhsil ocağında tələbələrin idmana cəlb olunması və onların fiziki inkişafının dəstəklənməsi məqsədilə hər il müxtəlif idman yarışları və turnirlər təşkil olunur. 

Xarici dillər fakültəsinin “Tərcümə (ingilis–Azərbaycan dilləri)” ixtisası üzrə IV kurs tələbəsi, şahmatçı Nəsrin Babayeva tələbələr adından çıxış edərək universitetdə gənclərin inkişafı üçün yaradılan şəraitdən danışıb. 

Tədbirin davamında idman sahəsində xüsusi fərqlənən tələbələrə universitetin rektoru tərəfindən təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, 2025-ci ildə idman sahəsində NDU tələbələri bir sıra uğurlara imza atıblar. Karate üzrə Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə bir tələbə I yerə layiq görülüb. beynəlxalq şahmat turnirində də universitetin bir tələbəsi I yer qazanıb.

Azərbaycan birinciliyində universitetin tələbələri qılıncoynatma və MMA üzrə I yerə, milli güləş üzrə III yerə, voleybol üzrə isə II yerə sahib olublar. Naxçıvan MR birinciliyində tələbələr stolüstü tennis üzrə iki nəfər I yerə, bir nəfər II yerə layiq görülüb. Həmçinin badminton üzrə üç nəfər I yerə, bir nəfər II yerə, boks üzrə isə iki nəfər I yerə sahib olub.  Regional çempionatda cüdo üzrə bir tələbə I yer qazanıb. Türkiyədə keçirilən Dostluq turnirində isə universitetin cüdoçu tələbəsi III yerin sahibi olub.

Tədbirin bədii hissəsində isə NDU nəzdində Musiqi Kollecinin tələbələrindən ibarət “Nuhçıvan Ritm” qrupu və “Bəzmicahan” rəqs kollektivinin ifasında rəngarəng musiqi və rəqs nömrələri nümayiş etdirilib.