M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin və mərkəzin tabeliyində fəaliyyət göstərən Baş Küngüt kənd Diyarşünaslıq evinin təşkilatçılığı ilə martın 3-də Baş Küngüt kəndində Od çərşənbəsi münasibətilə "Alovun nəfəsi" adlı konsert proqramı keçirilib.

Bu barədə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi məlumat yayıb.

Tədbirdə mədəniyyət işçiləri, icra və bələdiyyə nümayəndələri, kənd əhalisi iştirak edib.

Mədəniyyət Mərkəzinin əməkdaşları Novruz adətlərindən söz açıblar. “ER” rəqs qrupu və "Zurnaçılar" qrupunun Novruz motivli çıxışları mərasimə rəng qatıb.

Tədbir mədəniyyət işçiləri ilə kənd ağsaqqalları arasında yumurta döyüşü, zəngin tarixi olan Novruz bayramının adət-ənənələri ilə bağlı maraqlı söhbətlər, bayram zarafatları ilə də yadda qalıb.

Od çərşənbəsi Novruzun müjdəçisi olan ilaxır çərşənbələrdən ikincisidir və Su çərşənbəsindən sonra qeyd edilir. Qarşıda daha iki Novruz çərşənbəsi (Yel və Torpaq çərşənbələri) var.