Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova Almaniyanın paytaxtı Berlində BMT Turizmin Nazirlər Sammitində (UN Tourism Ministers Summit) iştirak edib. Toplantıya 20-yə yaxın ölkənin turizm naziri qatılıb.

DTA sədrinin müavini sammit çərçivəsində Özbəkistanın Dövlət Turizm Komitəsinin sədri Abdulaziz Akkulov ilə görüş keçirib. Görüşdə iki ölkənin turizm sahəsində hədəf bazarları üzrə fəaliyyət prinsipləri və təşviqat strategiyaları barədə qarşılıqlı məlumat mübadiləsi aparılıb. 2025-ci ildə Azərbaycan Turizm Bürosu ilə Özbəkistan Milli Təbliğat Mərkəzi arasında imzalanmış əməkdaşlıq haqqında anlaşma memorandumun müddəlarına uyğun olaraq görülmüş işlər nəzərdən keçirilib, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində əlavə alətlər üzrə razılığa gəlinib.

Səfər çərçivəsində Azərbaycanın Almaniyadakı səfirliyində bu ölkənin turizm sənayesi nümayəndələrinin iştirakı ilə görüş təşkil edilib. Səfir Nəsimi Ağayev iştirakçıları salamlayaraq Azərbaycanın almaniyalı turistlərin diqqətini çəkəcək zəngin turizm potensialına malik olduğunu qeyd edib.

Azadə Hüseynova görüşdə çıxış edərək ölkəmizin ev sahibliyi ilə keçiriləcək mötəbər beynəlxalq tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizin turizm potensialını əks etdirən təqdimat  nümayiş etdirilib, sənaye nümayəndələrinin sualları cavablandırılıb.