Martın 3-də Azərbaycan Milli Xalça Muzeyində tanınmış rəssam Cəmilə Həşimovanın “Gözəllik aşiqi” adlı fərdi sərgisinin açılışı keçirilib.
Bu barədə muzeydən məlumat verilib.
Tədbirdə muzeyin direktoru Əminə Məlikova, millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Xalq rəssamı Ağəli İbrahimov, sənətşünaslıq doktoru, professor Kübra Əliyeva çıxış ediblər.
Çıxışlarda Cəmilə Həşimovanın yaradıcılıq yolunun, onun milli ənənələrə söykənən, eyni zamanda müasir bədii təfəkkürlə zənginləşən üslubunun Azərbaycan təsviri sənətində özünəməxsus yer tutduğu vurğulanıb.
Sərginin müəllifi sənətsevərlərlə bu axşamı bölüşməkdən məmnun olduğunu deyib və təşkilatçılara, qonaqlara minnətdarlıq edib.
Muzeyin Ənənəvi texnologiya şöbəsində Cəmilə Həşimovanın əsəri əsasında toxunmuş “Yol” adlı xalçanın hanadan kəsimi mərasimi olub.
Cəmilə Həşimovanın müəllifi olduğu şeirlə müşayiət edilən “Gizli qanadlar” adlı animasiya nümayiş olunub.
Əməkdar artist Elnarə Kəbirlinskaya qonaqlar üçün pianoda musiqi parçaları ifa edib.
Sonra sərginin rəmzi açılış lenti kəsilib və tədbir iştirakçıları ekspozisiya ilə tanış olublar.
Qeyd edək ki, müəllifin zəngin bədii dünyasını, fərdi yaradıcılıq üslubunu və estetik baxışını geniş auditoriyaya təqdim etmək məqsədi ilə təşkil olunan sərgidə 50-yə yaxın rəngkarlıq və qrafika əsəri nümayiş etdirilir. Rəssamın yaradıcılığında əsas motivləri müxtəlif interpretasiyalarda təqdim olunan qadın obrazları, çiçəklər, quşlar və təbiət formaları təşkil edir. Açıq rəng palitrası, yumşaq ton keçidləri və detallara həssas yanaşma ekspozisiyanın ümumi vizual poetikasını müəyyənləşdirir.
Layihədə xüsusi yer tutan “Yol” əsərində təsvir olunan şəhər mənzərəsi, evlər və hərəkətdə olan insan fiquru simvolik məna daşıyır. Əsərdə ənənəvi toxuculuq texnikası ilə müasir müəllif baxışının vəhdəti burada harmonik şəkildə təcəssüm tapır.
Cəmilə Həşimova Roma, Paris, Sofiya, Brüssel, Berlin və digər şəhərlərdə keçirilmiş sərgilərin müəllifidir. Onun əsərləri müxtəlif muzeylərdə və şəxsi kolleksiyalarda qorunur.
Milli Xalça Muzeyində “Gözəllik aşiqi" sərgisi martın 8-dək davam edəcək.


























