Martın 3-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında "Nəsimi" operasının növbəti nümayişi olub.

Operanın ideya və musiqi müəllifi Xalq artisti Siyavuş Kərimi dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dramatik və fəlsəfi taleyini müasir musiqi dili ilə səhnəyə gətirib. Əsər insanın mənəvi azadlığı, həqiqət axtarışı, inanc və qurbanlıq kimi əbədi mövzulara toxunaraq, Nəsimi irsinin ideya-fəlsəfi dərinliyini operanın emosional təsir gücü ilə birləşdirir.

Librettonun müəllifi akademik Rafael Hüseynov tarixi faktlarla bədii təxəyyülü ustalıqla sintez edərək səhnə üçün dramatik və təsirli mətn yaradıb.

Opera ölkəmizdə ilk dəfə süni zəka texnologiyalarından istifadə edilərək səhnəyə qoyulub. 

Tamaşanın dirijoru və musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissor Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqraf Əməkdar artist Yuri Lobaçev, quruluşçu rəssam Nərgiz Quliyevadır.

İmadəddin Nəsimi rolunu Əməkdar artist, vokalçı Ramil Qasımov ifa edib. Digər rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Teyyub Aslanov, Əməkdar artistlər Anton Ferştandt, İlkin Əhmədov, Tural Ağasıyev, Arzu Əliyeva, ifaçılar Mahir Tağızadə, Orxan Cəlilov, Xəyal Hüseynov və digərləri canlandırıblar.

Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xor kollektivi və balet truppası da iştirak edib.

“Nəsimi” operası klassik Şərq fəlsəfəsini simfonik düşüncə və milli musiqi elementləri ilə bir araya gətirərək, monumental səhnə kompozisiyası yaradıb. Bəstəkarın zəngin orkestr boyaları, xor səhnələrinin dramatik kulminasiyaları və solist partiyalarının emosional yükü tamaşaçını XIV əsrin mürəkkəb ictimai-mənəvi atmosferinə aparır.

Operada Nəsiminin mürşidi Fəzlullah Nəimi ilə ideya bağlılığı, dövrün siyasi və dini qarşıdurmaları, insanın daxili azadlıq manifesti kimi səslənən poeziyası səhnə həllində dinamik və təsirli dramaturgiya ilə təqdim edilib.