AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas və tənqidçi, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin (5.3.1936 – 25.8.2002) 90 illiyinə həsr edilmiş “Azərbaycan humanitariyasında Yaşar Qarayev fenomeni” mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə tədbir iştirakçıları II Fəxri xiyabanda alimin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

İnstitutun foyesində Yaşar Qarayevin fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib.

Elmi sessiyanı giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq alimin Azərbaycan ədəbiyyatşünaslığının inkişafındakı müstəsna xidmətlərindən danışıb.

Qeyd edib ki, Azərbaycan ədəbiyyatşünaslıq elmində yüksək intellektual keyfiyyətləri ilə seçilən Yaşar Qarayev ədəbi tənqidin, nəzəriyyənin və ədəbiyyat tarixinin ən incə detallarını belə özünəməxsus şəxsiyyəti və obrazlı təfəkkürü ilə təqdim etməyi bacarıb, eyni zamanda elmi fikrə poetik dəyər qazandırıb.

Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Yaşar Qarayev ədəbi tənqid haqqında”, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri “Yaşar Qarayev: analitik filoloji yanaşmadan fəlsəfi kulturoloji konsepsiya”, millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimova “Yaşar Qarayevin Azərbaycan humanitariyasına gətirdiyi yeniliklər” adlı məruzələrlə çıxış ediblər.

Həmçinin filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Ədəbiyyat tarixi və nəzəriyyəsi fonunda nəzəri estetik fikrin təkamülü”, filologiya elmləri doktoru Cavanşir Yusiflinin “Yaşar Qarayev: bədii mətnin ədəbiyyatşünaslıq mətninə çevrilməsi”, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının “Yaşar Qarayev və riyazi ədəbiyyatşünaslıq”, filologiya üzrə fəlsəfə doktoru Aynurə Mustafayevanın “Yaşar Qarayev dramaturgiya haqqında” məruzələri dinlənilib.

Görkəmli alimin həyat və yaradıclığından bəhs edən videoçarx nümayiş etdirilib.

Sonda alimin ailəsi adından çıxış edən Yalçın Qarayev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.