Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Kürdəmir rayonu Tahir İslamov adına Dəyirmanlı kənd tam orta məktəbinin şagirdləri ilə görüşüb. Görüş muzeyin Xaqani Şirvani adına Aran regional filialında (Kürdəmir şəhəri) keçirilib.

Bu barədə muzeydən məlumat verilib.

Rafael Hüseynov klassik və müasir Azərbaycan ədəbiyyatını gənc nəslə sevdirmək, layiqincə tədris və təbliğ etmək, şagirdlərin intellektual düşünmə qabiliyyətini artırmaq, biliklərini zənginləşdirmək baxımından məktəblilərin muzeylərə ekskursiyalarının vacibliyini vurğulayıb. Akademik müasir dünya ədəbiyyatındakı yeniliklərdən, ədəbi cərəyanlardan danışıb, şagirdlərin suallarını cavablandırıb.

Sonra məktəblilər muzeydəki eksponatlarla tanış olublar. Azərbaycanda müxtəlif dövrlərdə yaşamış görkəmli rəssamların, tanınmış heykəltaraşların hazırladıqları portretlər, ayrı-ayrı bədii əsərlərə çəkilmiş illüstrasiyalar, əlyazmalar, miniatürlər və kitablar onların marağına səbəb olub.