Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) 2022-ci ildə Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqənin qaliblərindən biri, “Nova Gorica” kino mərkəzi tərəfindən istehsal olunmuş “Qıfıl” tammetrajlı bədii filminin beynəlxalq yayımına maliyyə dəstəyi göstərib.
Bu barədə AKİ məlumat yayıb.
“Qara komediya” janrında olan filmin ideyası fala inam və onun cəmiyyətə təsiri üzərində qurulub. Real hadisələrə əsaslanan ekran əsərinin ssenari müəllifi AKİ-nin katibi Tahir Tahiroviç, quruluşçu rejissorları İlqar Quliyev və Tahir Tahiroviç, quruluşçu operatoru Rafiq Əliyev, rəssamı Leyla Quliyeva, bəstəkarı Lalə Əhmədova, kreativ prodüseri İradə Bağırzadə, prodüseri isə Afaq Yusiflidir. Rolları Fətəli Abdullayev, Hüseynağa Aslanov, Xalq artisti Şamil Süleymanov, Əməkdar artist Azad Şükürov, Ülviyyə Əliyeva, Selcan Xatun və Zaur Manafov canlandırır.
Film İctimai TV və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə istehsal olunub.
***
AKİ-nin post-prodakşn mərhələsinə maliyyə dəstəyi ayırdığı “Qurğuşun” qısametrajlı bədii filminin çəkilişi isə yeni tamamlanıb.
Filmin rejissoru Rüstəm Babazadə, ssenari müəllifləri isə Rüstəm Babazadə və Əli-Səttar Quliyev, operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Samirə Şamxalovadır. Rolları Rasim Cəfər, Zaur Şəfiyev və Asiman Ağa Rövşən oynayırlar. Prodüserlər Əli-Səttar Quliyev, Rüstəm Babazadə və Zaur Şəfiyev, həmprodüserlər Emil Nəcəfov və Pərviz Məmmədovdur.
Hadisələr şəhərdə törətdiyi cinayətin nəticələrindən qaçan kiçik qardaşın gizlicə tərk etdiyi doğma kəndinə on il sonra qayıtması üzərində qurulub.
“Ultra-Production”, AKİ və İTV-nin dəstəyilə ərsəyə gələn filmin premyerası 2027-ci ilə planlaşdırılır.





















