Şəki Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər komitəsinin dəstəyi ilə fevralın 27-də “Gənclərin gözündə Şəki memarlığı” adlı hakaton keçirilib.
Əvvəlcə layihə haqqında məlumat verilib. Qeyd edilib ki, layihənin əsas məqsədi gənclərin baxışında Şəki memarlığını öyrənmək, mövcud tarixi-memarlıq irsini qiymətləndirmək və şəhərin gələcəyinə dair yeni ideyaların formalaşmasına şərait yaratmaqdır.
İki mərhələdən ibarət hakatonda 5 komanda iştirak edib. Final mərhələsində komandalar hazırladıqları layihələri münsiflər heyəti və tamaşaçılar qarşısında təqdim ediblər. Layihələrdə Şəkinin memarlıq irsinin qorunması ilə yanaşı, müasir yanaşmalar və yaradıcı ideyalar da öz əksini tapıb.
Münsiflər heyəti çıxışları yaradıcılıq bacarığı, ideyanın orijinallığı, mövzuya fərqli yanaşma, təqdimatın aydın və məntiqli qurulması, rəqəmsal alətlərdən və vizual vasitələrdən istifadə, dizayn və memarlıq bilikləri, komanda işi və məzmun uyğunluğu kimi meyarlar üzrə qiymətləndirib.
Birinci yerə Şəki Dövlət Regional Kollecinin tələbələrinin “Şəki vurğunları” komandası, II yerə Şəki-Zaqatala RMİ-nin müəssisələrinin əməkdaşlarından ibarət “Mədəni irs” komandası, III yerə ADPU Şəki filialının tələbələrindən ibarət “Retro-futura” komandası layiq görülüb.
Qalib komandalar fəxri fərmanlarla təltif olunub, digər komandaların üzvlərinə təşəkkürnamələr təqdim edilib.
Nurəddin























