Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Respublika Uşaq Kitabxanasında paytaxtdakı Ankara liseyinin şagirdlərinin iştirakı ilə anım tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən uşaq yazarı Gülizar İbrahimova Xocalı soyqırımı haqqında məlumat verərək bu faciənin xalqımızın tarixində və milli yaddaşında tutduğu yerdən bəhs edib. O, mövzuya həsr etdiyi şeirini səsləndirərək uşaqlara sülhün, mərhəmətin və vətən sevgisinin əhəmiyyətini çatdırıb.
Məktəblilər “Mən Xocalıyam” şüarı altında Xocalıya həsr olunmuş şeirlər söyləyiblər. Çıxışlarda vətənə bağlılıq, həmrəylik və gələcəyə ümid motivləri xüsusi yer alıb.
Sonda hərbi geyimdə çıxış edən şagirdlər “Çəkil torpağından, ey yağı düşmən” mahnısını oxuyublar.
Tədbirin əsas məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətləri gənc nəslə düzgün və yaşa uyğun formada çatdırmaq, faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək, eyni zamanda uşaqlarda və yeniyetmələrdə vətənpərvərlik, sülhə çağırış və humanist dəyərləri gücləndirmək olub.
Bu qəbildən tədbirlər uşaq və gənclərdə tarixi yaddaşın formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərin daha həssas, məlumatlı və məsuliyyətli vətəndaş kimi yetişdirilməsi istiqamətində əhəmiyyət daşıyır.





















