2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını nümayiş etdirdi. Bu gün Xocalı şəhidlərinin ruhu şaddır.
Bu fikirlər Qusar rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar təşkil olunan anım mərasimində bildirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimində Qusar Dövlət Ləzgi Dram Teatrının hazırladığı “Çiçəklən, Xocalı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Səhnə əsərində Xocalı faciəsi zamanı dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər, xalqımızın yaşadığı dərin mənəvi sarsıntılar təsirli səhnə dili ilə canlandırılıb. Eyni zamanda, kompozisiyanın ideya xəttində bu gün artıq Azərbaycanın qalib xalq kimi tarixi ədaləti bərpa etməsi, Xocalının işğaldan azad olunması və şəhidlərimizin qanının yerdə qalmadığı ifadə olunub.






















