Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib.
Suraxanı rayon Heydər Əliyev Mərkəzində keçirilən film nümayişində rəsmilər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak ediblər.
Əvvəlcə film haqqında məlumat verilib. Bildirilib ki, dram janrında olan bu ekran işi maraqlı süjet xətti və təsirli hekayəsi ilə tamaşaçının diqqətini çəkir. "Babalar və Nənələr günü"nə həsr olunan filmdə əsas rolları Əməkdar artist Dilarə Əliyeva, Firuzə Anarqızı və Dağlar Rüstəmov oynayıblar.
Prodüser və baş rolun ifaçısı Dilarə Əliyeva filmin ərsəyə gəlməsindən danışıb. Bildirib ki, “Soy Production”un istehsalı olan film babaya həsr olunub və sevgi, fədakarlıq, həyatın çətinliklərindən bəhs edir.
Filmə baxışdan sonra tamaşaçılarla interaktiv müzakirə keçirilib.
Xatırladaq ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən Azərbaycan kino sənətində iz qoymuş sənətkarların yubileyləri münasibətilə də mədəniyyət ocaqlarında film nümayişləri təşkil edilir.























