İyunun 24-də Özbəkistanın Əndican şəhərində "Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin təntənəli açılış mərasimi olub.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mərasimdə iştirak edib.
Türk dünyasının ortaq tarixi-mədəni irsinin təşviqinə və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən tədbirdə türk dövlətlərinin mədəniyyət nazirləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Əndican şəhərinin zəngin tarixi, qədim mədəni ənənələri və türk-islam sivilizasiyasının inkişafındakı rolunu diqqətə çatdıraraq layihənin türk xalqları arasında mədəni həmrəyliyin və humanitar əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Tədbir çərçivəsində Türk dünyasının musiqi və rəqs kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub, qardaş xalqların zəngin mədəni irsi nümayiş etdirilib.
Azərbaycan nümayəndə heyətinin tədbirdə iştirakı ölkəmizin Türk dünyası ilə mədəni əlaqələrin dərinləşdirilməsi, ortaq irsin qorunması və beynəlxalq humanitar əməkdaşlığın inkişafına verdiyi töhfənin növbəti təzahürü kimi dəyərləndirilir.
Xatırladaq ki, Əndican şəhəri "Türk Dünyasının Mədəniyyət Paytaxtı" estafetini ötən ilin sonunda Aktau (Qazaxıstan) şəhərindən təhvil alıb. TÜRKSOY-un bu layihəsi 2012-ci ildən həyata keçirilir.
Ötən illərdə Azərbaycanın Şəki (2016) və Şuşa (2023) şəhərləri bu missiyanı daşıyıb.


























