Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi (RMİ) tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli uşaq musiqi məktəbi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin birgə təşkilatçılığı ilə “Fikrət Əmirov məktəbləri: vahid səhnə” adlı konsert proqramı keçirilib.
Bu barədə Gəncə-Daşkəsən RMİ-dən məlumat verilib.
Konsertdə Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinin direktorları, Baş İdarənin Mədəniyyət və incəsənət üzrə sektor müdiri Altun Rəcəbli iştirak edib.
Hər iki məktəbin şagirdlərinin ifaları alqışlarla qarşılanıb.
Tədbir çərçivəsində məktəblər arasında yaradıcı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Çıxış edən direktorlar bu cür birgə layihələrin regionlararası mədəni əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətini qeyd ediblər.
Konsert proqramında nümayiş etdirilən peşəkarlığa görə Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli uşaq musiqi məktəbi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.
Layihə mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına və gənc istedadların yaradıcılıq potensialının üzə çıxarılmasına töhfə olub.





















