Sabirabadda Novruz bayramının ilk müjdəçisi olan Su çərşənbəsi qeyd olunub.

Şənlik Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Kür və Araz çaylarının qovuşduğu Suqovuşan ərazisində, Kür çayının sahilində keçirilib.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyran Xəlilova və Mil-Muğan RMİ-nin rəisi Nadir Quliyev iştirakçıları Su çərşənbəsi münasibətilə təbrik ediblər.

Çıxışlarda Novruz bayramının xalqımızın milli-mənəvi dəyərlərini yaşadan, birlik və həmrəyliyi möhkəmləndirən qədim ənənə olduğu vurğulanıb, Su çərşənbəsinin saflıq, aydınlıq və yenilənmə rəmzi kimi xüsusi məna daşıdığı qeyd olunub.

Sonra mədəniyyət işçiləri tərəfindən konsert proqramı təqdim edilib. Milli musiqi və rəqs nümunələri, baharı tərənnüm edən mahnılar ifa olunub, pəhləvanlar bir-birindən maraqlı nömrələr göstəriblər.

Novruz bayramının personajları Keçəl, Kosa və Bahar qızın iştirakı ilə səhnəciklər də şənliyə rəng qatıb. Tədbir sakinlərə bayram əhval-ruhiyyəsi yaşadıb.

 

Nurəddin