Mədəniyyət, o cümlədən klassik musiqi olmadan xalqın gələcəyini təsəvvür etmək olmaz.
Heydər Əliyev
Ümummilli liderimizin mədəniyyətin əsas aparıcı sahələrindən, mühüm tərkib hissələrindən olan musiqiyə verdiyi belə yüksək qiymət bu sənətin xalqın mənəvi inkişafı üçün böyük əhəmiyyətindən soraq verir. Onun yolunu və əməllərini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də ölkəmizin musiqi həyatına xüsusi qayğı və diqqətlə yanaşır. Respublikamızda musiqiçilərə göstərilən dövlət qayğısı, musiqi ocaqlarının müasir standartlara uyğun tədris məkanına çevrilməsi haqqında sərəncamlar bizim musiqiçilərlə dünya musiqiçiləri arasında mənəvi körpü əhəmiyyəti daşıyan beynəlxalq musiqi festivallarının keçirilməsi və digər məsələləri qeyd edə bilərik. Bu məsələlərin həyata keçirilməsində Prezidentin müvafiq tapşırıq və sərəncamları əsasında Mədəniyyət Nazirliyi bilavasitə iştirak edir. Bu mənada çoxlu sayda görülən işləri sadalamaq olar. Biz isə Mədəniyyət Nazirliyi tərəfindən musiqi mədəniyyətimizə bəxş olunan yeni töhfədən bəhs edəcəyik. Bu, “İncəsənət məktəbləri üçün fortepiano ixtisası üzrə dərs vəsaiti”dir.
1-ci və 2-ci siniflər üçün hazırlanan dərs vəsaiti bu sahədə mövcud olan boşluğun doldurulması, aktual problemlərin aradan qaldırılması istiqamətində vacib bir vəsaitdir. Nəzərə alsaq ki, indiyədək bizim balaca pianoçular 70 il əvvəl sovet dövrünün tələblərinə uyğun hazırlanmış tədris vəsaitlərindən bəhrələniblər, onda yeni vəsaitin nə qədər vacib olmasını ayrı-ayrı detallarla ifadə etməyə ehtiyac qalmır. Milli üslubda və müasir tələblərə uyğun dərs vəsaiti lazım idi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu iş həyata keçirildi.
Fevralın 20-də Milli Kitabxanada elm və incəsənət xadimlərinin iştirakı ilə nəşrin təqdimat mərasimi oldu. İndi isə oxucularımıza bu dərs vəsaiti barədə bir qədər ətrafl məlumat verək.
Dərs vəsaiti müəlliflərinin balaca pianoçuya xitabı ilə başlayır:
“Əziz balaca pianoçu!
Bu dərs vəsaiti sənin fortepiano alətində ifa etməyi mükəmməl öyrənməyin üçün nəzərdə tutulub. Zəngin və çoxçalarlı səslənməyə malik bu musiqi alətinin mahir ifaçısı olmaq üçün bir çox bacarıqlara yiyələnmək önəmlidir”
“Giriş” bölməsində Azərbaycanda fortepiano məktəbinin ilkin mərhələləri və dahi Üzeyir Hacıbəylinin bu mərhələlərin inkişafı istiqamətindəki xidmətləri qeyd olunub. Burada dərs vəsaitinin özəlliklərindən də bəhs edərək tədris prosesində istifadə olunacaq çalışma və melodiyaların tanınmış bəstəkarlarımız tərəfindən milli üslubda yazılmış yeni nümunələr olması diqqətə çatdırılır.
Dərs vəsaitinin sonrakı bölmələri belə adlanır: 1-ci bölmə – “Balaca pianoçunun ilk addımları”, 2-ci bölmə – “Musiqi sirlərini öyrənirik”, 3-cü bölmə – “Sehrli notlar əsər yaradır”, 4-cü bölmə – “Sevimli nəğmələr notları öyrədir”, 5-ci bölmə – “Möcüzəli piano səsi – do, re, mi, fa, sol, lya, si”.
Bu bölmələrin hər biri musiqi sənətinin sirlərini açıqlayaraq şagirdlərlə yanaşı müəllimlər üçün də dəyərli bir mənbədir. Bu günə qədər hazırlanan dərs vəsaitləri ilə müqayisədə yeni hazırlanan bu vəsaitinin əsas fərqi ondadır ki, burada bəzi yeniliklər də var. Məsələn, bölmələrdə nəzəri hissənin geniş yer tutması şagirdlərdə musiqi sənəti və musiqiçilər haqqında, fortepiano alətinin tarixi, onun sələfləri, not xətti, açarlar, not işarələri, ritm qabiliyyətinin yoxlanılması və onun inkişafı, eləcə də bunlarla yanaşı neçə-neçə vacib məsələlərin öyrənilməsinə təkan verir.
Digər yenilik isə ondan ibarətdir ki, kitabda verilən QR kod vasitəsilə Azərbaycan və dünya pianoçularının tanınmış simaları haqqında məlumat toplusuna keçid etmək mümkündür. Onu da əlavə edək ki, bu məlumat toplusu PDF formatda Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzinin saytında da (“Dünya və Azərbaycan fortepiano sənətinin görkəmli nümayəndələri”) yerləşdirilib.
Dərs vəsaiti 1-ci və 2-ci siniflər üçün hazırlanmasına baxmayaraq buradakı nəzəri məlumatlar öz zənginliyi ilə növbəti siniflərdə də şagirdlər üçün gərəkli olacaq.
Kitabın 4-cü bölməsinin qısa şərhini verək: “Sevimli nəğmələr notları öyrədir”. Burada kiçik mahnılarla şagirdlər notları öyrənirlər. Tanınmış bəstəkarlarımız Əməkdar incəsənət xadimləri, professorlar Elnara Dadaşova və Ceyhun Allahverdiyev şairlər Sevinc Nuruqızı və Zahid Xəlilin sözlərinə 7 notun hər birinə aid yeni mahnılar yazıblar. Şagirdlər həmin mahnıları həm çalıb, həm də oxumaqla notları daha yaxşı mənimsəyəcəklər. Bu çox gözəl bir təcrübədir.
Dərs vəsaitinin digər bölmələri də eyni dərəcədə yüksək əhəmiyyətli bilgilərlə zəngindir.
Təqdim olunan dərs vəsaitinin “Müntəxəbat” hissəsinə dahi Üzeyir Hacıbəylidən başlamış görkəmli bəstəkarlarımız Fikrət Əmirov, Qara Qarayev, Asəf Zeynallı, Qənbər Hüseynli və digər bəstəkarların əsərləri ilə yanaşı, müasir dövrün orta və gənc nəsil bəstəkarlarının əsərləri də daxil edilib. Burada da əsərlər xüsusi proqram üzrə növbələşir.
“Müntəxəbat”da ardıcıllıq belə tənzimlənir: 1-ci paraqraf – “Sonatina, rondo, variasiyalar”, 2-ci paraqraf – “Etüdlər, pyeslər, ansambllar”.
Bu zəngin və müxtəlif məzmunlu əsərlərdən sonra “Əlavələr” bölməsi var ki, orada da qammalar və musiqi terminləri haqqında ətraflı məlumat verilir.
“İncəsənət məktəbləri üçün fortepiano ixtisası üzrə dərs vəsaiti”nin belə mükəmməl hazırlanmasında, təbii ki, peşəkar mütəxəssislərin böyük əməyi var. Müəlliflər sırasına layihənin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova, uzun illərin təcrübəli müəllimi Aygün İsgəndərova və bu sətirlərin müəllifi daxildir. Vəsaitin elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva, metodistlər professor Könül Hüseynova, Əməkdar mədəniyyət işçisi, R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin müəllimi Tamilla Məmmədova, R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin müəllimi Aygün İsgəndərova, C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq məktəbinin müəllimi Aygün Hüseynova, 34 nömrəli uşaq musiqi məktəbinin müəllimi Aygün Ələkbərova, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi Gülçin Aslanovadır.
Nəşrin kompüterdə not yığımı sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətli və gənc bəstəkar Elvin Quliyev tərəfindən işlənilib.
Bir vacib məsələni xüsusi qeyd etməliyik ki, son illər Mədəniyyət Nazirliyinin musiqi tədrisinə dair çox mühüm layihələri var. Bu mənada musiqi müəllimlərinin attestasiyası, musiqi tədrisinə dair proqramların yazılması və bu işə ciddi nəzarət nazirliyin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzi tərəfindən həyata keçirilir. Mərkəzdə təqdim olunan dərs vəsaiti də dəfələrlə müzakirə edilib. Mərkəzin direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov və Ruslan Ələkbərov layihənin koordinatoru olaraq vəsaitin hazırlanmasında öz səylərini əsirgəmədən iştirak ediblər.
Təqdim olunan dərs vəsaitinin mükəmməl olmasını təsdiq edən əsas amil görkəmli pianoçumuz, Ü.Hacıbəyli adına BMA-nın rektoru Xalq artisti, professor Fərhad Bədəlbəyli başda olmaqla tanınmış sənətkar və pedaqoqlar – Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nəzakət Rimazi, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Samirə Aşumova, Köln Musiqi Akademiyasının (Almaniya) dosenti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Toğrul Hüseynlinin rəy verməsidir.
Əlbəttə, bu vəsaitin şagirdlər üçün daha maraqlı olması layihənin rəssamı Məryəm Axundovanın çəkdiyi, xoş rənglərlə göz oxşayan illüstrasiyalarla da bağlıdır.
Naşir Tural Axundovun rəhbərliyi ilə “Təhsil” nəşriyyatında işıq üzü görən dərs vəsaiti dizaynerlər Əmiraslan Zalıyev, Ellada Səfərəliyeva, redaktor Sevinc Nuruqızı, korrektorlar Ceyran Abbasova, Vəfa İsgəndərli və digər şəxslərin zəhməti sayəsində yüksək tərtibatla həyata vəsiqə alıb.
Uzun illərdən sonra balaca pianoçularımız üçün belə bir dərs vəsaitinin hazırlanması Mədəniyyət Nazirliyinin musiqi mədəniyyətimizə dəyərli töhfəsidir. Bu layihənin işıq üzü görməsinə xüsusi diqqət göstərən nazir Adil Kərimliyə layihənin əvvəlindən sonuna qədər öz diqqət və tövsiyələrini əsirgəməyən, nazirin müşaviri Cəsarət Valehova, nazirliyin əməkdaşı Fatimə Əliyeva, bir sözlə, zəhməti olan hər kəsə layihənin iştirakçıları tərəfindən böyük minnətdarlıq hissi ilə bir daha təşəkkür edirik. Ümidvarıq ki, bu dərs vəsaiti balaca pianoçuların böyük uğurlarına təkan verəcək.
Səadət Təhmirazqızı
sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi






















