Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür: dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə (40 gün), yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə (20 gün), fevralın 20-dən martın 20-dək isə Boz aydır.

Ulularımız sərt qışda həmişə yaz ümidi ilə yaşayar, Yeni günün - Novruzun gəlişini səbirsizliklə gözləyərdilər. Novruzqabağı dörd ilaxır çərşənbəni bacardıqca sevinclə qeyd edər, ocaq çatar, süfrə açardılar...

Novruz öncəsi dörd ilaxır çərşənbə özlüyündə dünyanın yaranmasını ehtiva edir. Su, Od, Yel və Torpaq təbiətin oyanması, yenidən dirilməsi anlamını verir. Bu çərşənbələr həm də insanın dörd ünsürdən yaradılması haqqında dini-mistik görüşləri də özündə simvollaşdırır.

Bu gün ilaxır çərşənbələrdən birincisi, Su çərşənbəsidir. Mifik təfəkkürdə su dünyanın özülü, həyatın başlanğıcı, dirilik, sağlamlıq və xoşbəxtlik mənbəyi sayılır. Su çərşənbəsi xalq arasında həm də “əzəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə”, “sular Novruzu” adlandırılır. Azərbaycan folklorunda suyun rəmzləşməsi onun əcdad sayılması, and yeri olması ilə də sıx bağlıdır.

Əski zamanlarda Su çərşənbəsində insanlar günəş doğmadan bulaq başına gedər, təzə suda əl-üzünü yuyar, “azarım-bezarım suya” deyib onun üzərindən atlanar, bulaq başında niyyət edərdi. Eyni zamanda suyun ətrafında bir sıra mərasimlər keçirər, yeni günün gəlişini bayram edərdilər. Bəzi bölgələrimizdə hətta susəpən ayini də keçirilərdi. Təəssüf ki, bu gün yurdumuzda çərşənbələr, yüzillər öncə olduğu kimi, bütün ənənələri ilə qeyd edilmir. Bunun da başlıca səbəbi çağdaşlaşma və şəhərləşmə ilə bağlıdır...

Xalq arasında su ilə bağlı maraqlı deyim-duyumlar var. İnanclara görə, süfrəyə su dağılması aydınlıqdır, su içən adamı qəfil vurmazlar, su içən adamı ilan çalmaz, lal axan sudan keçməzlər, su olan yerdə dirilik olar, su ehsandır. Bütün bunlar suyun müqəddəsliyini ifadə edir. İnanca görə, Novruzda süzülən plovun suyunu ağacların dibinə tökərlər, neçə il bar verməyən ağac bar verər...

Su çərşənbəniz mübarək!

Xatırladaq ki, Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi martın 10-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.