Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində (Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev və memarlıqda milli üslub” mövzusunda konfrans keçirilib.

Əvvəlcə mövzu üzrə videoçarx nümayiş etdirilib.

Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova giriş sözündə dövlət başçısının sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, ilk arzusu memarlıq sənətinin incəliklərinə yiyələnmək olan Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində mühüm işlər görülüb, şəhərlərin siması dəyişib, milli və müasir memarlıq üslüblarında binalar tikilib.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev Şamaxı rayonundakı qədim yaşayış məskənlərindən, tarixi binalardan, arxeoloji qazıntılar zamanı üzə çıxan qədim memarlıq izlərindən ətraflı bəhs edib.

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı sektorunun müdiri Şahmar Hüseynov və digər çıxış edənlər ölkəmizin dinamik inkişafının şəhərsalma və memarlıq sahəsində də özünü göstərdiyini vurğulayıb, Böyük Qayıdışın gerçəkləşdiyi torpaqlarımızda şəhər və kəndlərin yenidən qurulmasından, tarixi-memarlıq irsimizin bərpasından söz açıblar.