Füzuli şəhərində yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub. Tədbirdə doğma yurdlarına qayıdan sakinlər, ziyalılar, müəllim və şagirdlər iştirak ediblər.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Qarabağ Universitetinin Pedaqoji fakültəsinin müəllimi Zəminə Ziyayeva, Firidun Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbirdə çıxış ediblər.
Çıxışlarda Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarının təbliği və gənc nəslin ana dilinə hörmət ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulanıb. Qeyd edilib ki, ana dilimizin zənginliyinin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur.
Diqqətə çatdırılıb ki, bu qəbildən tədbirlərin təşkilində də əsas məqsədi ana dilimizin qorunması və inkişafı istiqamətində maarifləndirmə işi aparmaq, həmçinin gənc nəslin ədəbi dil normalarına hörmət ruhunda formalaşmasına töhfə verməkdir.
Çıxışlardan sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, mahnı və şeirlər səslənib, xor ifası təqdim olunub.


























