Tarixdəki olaylar

 

22 fevral 1988 – Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində başlanan Dağlıq Qarabağ münaqişəsində ilk toqquşma baş verib. Erməni millətçiləri Əsgəran qəsəbəsi yaxınlığında Ağdam rayonundan iki azərbaycanlı gənci qətlə yetiriblər.

Həmin gün Bakıda ermənilərin Qarabağa iddialarına etiraz olaraq mitinq keçirilib. Bu arada Ermənistanın Qafan rayonundan azərbaycanlıların kütləvi deportasiyası başlanıb.

 

22 fevral 2001 – Azərbaycan XİN Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun 1997-1998-ci illərdə tərəflərə rəsmən təklif etdiyi üç nizamlama planını (“paket həll”, “mərhələli həll”, “ümumi dövlət”) ilk dəfə mətbuat səhifələrində geniş ictimaiyyətə təqdim edib. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

22 fevral 1788 – Alman filosofu, irrasionalizmin banilərindən biri Artur Şopenhauer (Schopenhauer; 1788 – 21.9.1860) anadan olub.

 

22 fevral 1869 – Görkəmli yazıçı, dramaturq, naşir Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (1869 – 4.1.1932) Naxçıvanda doğulub. Realist hekayələri (“Poçt qutusu”, “Qurbanəli bəy”), povest (“Danabaş kəndinin əhvalatları”) və dram əsərləri (“Ölülər”, “Dəli yığıncağı”, “Anamın kitabı”) ilə milli ədəbiyyata misilsiz töhfələr verib. “Molla Nəsrəddin” jurnalı (1906) ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

 

22 fevral 1898 – Əməkdar elm xadimi, ədəbiyyatşünas alim, akademik Feyzulla Səməd oğlu Qasımzadə (1898 – 29.3.1976) anadan olub.

 

22 fevral 1914 – Xalq rəssamı, heykəltaraş Cəlal Məhərrəm oğlu Qaryağdı (1914 – 1.1.2001) Şuşa şəhərində anadan olub. Azərbaycanın bir sıra mədəniyyət və ictimai xadimlərinin heykəl və büstlərinin (N.Nərimanov, M.Ə.Sabir və s.) müəllifidir.

 

22 fevral 1917 – Yazıçı-dramaturq, publisist Yusif Əhmədulla oğlu Əzimzadə (1917 – 6.3.1984) anadan olub. “Çiçəklər səltənəti”, “Anacan”, “Nəsrəddin” və s. pyeslərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.

 

22 fevral 1921 – İtalyan aktrisası Cülyetta Mazina (Giulietta Masina; 1921 – 23.3.1994) anadan olub.

 

22 fevral 1924 – Xalq artisti, bəstəkar Süleyman Əyyub oğlu Ələsgərov (1924 – 21.1.2000) Şuşada doğulub. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Həmişəxanım” operettalarının, “Bahadır və Sona”, “Solğun çiçəklər” operalarının, mahnıların müəllifidir.

 

22 fevral 1950 – Əməkdar rəssam Asif Əli oğlu Məmmədov (1950 – 4.11. 2002) Gəncədə doğulub. Gəncə Dövlət Dram Teatrının baş rəssamı olub.

 

22 fevral 1962 – Tarix elmləri doktoru Nəsiman Qara oğlu Yaqublu (22.2.1962 – 25.8.2024) Zəngilan rayonunun Zəngilan kəndində doğulub. Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət mətbuatı tarixinə dair tədqiqatların müəllifidir. BDU-nun professoru olub.

 

22 fevral 2021 – Xalq artisti, müğənni Yalçın İmran oğlu Rzazadə (15.12.1939 – 2021) vəfat edib.

 

22 fevral 2025 – Əməkdar incəsənət xadimi, teatrşünas, pedaqoq Rafiq Kərim oğlu Sadıqov (4.7.1948 – 2025) vəfat edib.

 

 Hazırladı: Vüqar Orxan