Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti daha bir tarixi tikilidə aparılan qanunsuz təmir işlərinin qarşısını alıb.
Dövlət Xidmətindən bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Hacı Əziz məscidinə (inventar №3200) müdaxilə faktı aşkar edilib. Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən məscidə baxış keçirilən zaman “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq, layihəsi razılaşdırılmadan təmir işlərinin görüldüyü müəyyən edilib.
Qanunsuz təmir işlərini həyata keçirən podratçı şirkət - “Dostluq H-EL” MMC-nin nümayəndələrinə işlərin dərhal dayandırılması və abidənin ilkin vəziyyətinə qaytarılması barədə xəbərdarlıq edilib.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində abidənin xarici divarına vurulan suvaq qatı təmizlənərək ilkin görkəminə qaytarılıb. İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Məlumatda bir daha diqqətə çatdırılır ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.






















