“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşəbbüsü ilə fevralın 17-də Şabran rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində dəyirmi masa təşkil olunub.
Bu barədə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) məlumat yayıb.
“Yeraltı və yerüstü irsin vəhdəti” adlı tədbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun İlk Tunc Dövrü arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Şabran arxeoloji ekspedisiyasının rəhbəri və qoruğun aparıcı elmi işçisi Səfər Aşurov, institutun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli, Arxeoloji texnologiya və ölçü-layihə şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, memarlıq və arxeoloji abidələrinin tədqiqatçısı, Mədəniyyət Nazirliyi yanında Ekspert şurasının üzvü Faiq Nəsibov, eləcə də Quba-Xaçmaz RMİ-nin Şabran rayon üzrə nümayəndəsi, yerli icra, bələdiyyə və digər qurumların nümayəndələri iştirak ediblər.
Dəyirmi masada alimlər mövzu ilə bağlı fikirlərini bildiriblər. Şabran arxeoloji ekspedisiyasının apardığı tədqiqatlardan söz açılıb.
Müzakirələr zamanı Şabran rayonu ərazisində mövcud tarixi və mədəni irs nümunələrinin qorunması, tədqiqi, ictimaiyyətə təqdim olunması, elmi-tədqiqat işlərinin genişləndirilməsi, gənclərin sahəyə cəlb olunması və qurumlararası əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Şəhərsalma prosesində tarixi mühitin qorunmasının vacibliyi vurğulanıb.






















