Fevralın 19-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli görkəmli tarzən Ramiz Quliyevin (1947–2025) xatirə gecəsi keçirilib.

BMM-nin direktoru tarzən, Əməkdar artist, Özbəkistanın fəxri "Mədəniyyət elçisi" Sahib Paşazadə mərhum sənətkarın Azərbaycan musiqi sənətində müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Ramiz Quliyev Azərbaycan tar ifaçılığı məktəbinin parlaq simalarından biridir: "Onun çoxşaxəli yaradıcılığı təkcə ifaçılıqla məhdudlaşmayıb, həm də pedaqoji və elmi fəaliyyəti ilə zəngin olub. Sənətkarın irsi gələcəkdə də geniş araşdırılacaq, ona həsr olunan elmi işlər davam etdiriləcək. Çünki belə sənətkarların yaradıcılığı tükənməz xəzinədir”.

Xalq artisti, professor Siyavuş Kərimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat laboratoriyasının müdiri dosent Nuridə İsmayılzadə çıxış edərək Ramiz Quliyevin zəngin yaradıcılıq yolundan, Azərbaycan tar ifaçılığı məktəbinin formalaşması və təkmilləşməsində göstərdiyi xidmətlərdən söz açıblar. Qeyd olunub ki, sənətkarın çoxillik pedaqoji fəaliyyəti nəticəsində yeni ifaçılar nəsli yetişib. Onun səhnə mədəniyyəti, repertuar seçimi və interpretasiya üslubu bu gün də gənc musiqiçilər üçün nümunədir.

Ramiz Quliyevin oğlu Əməkdar artist, Akademik Opera və Balet Teatrının baş dirijoru, Q.Qarayev adına Dövlət Kamera Orkestrinin dirijoru Əyyub Quliyev atasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib, onun sənət prinsipləri və yaradıcılıq irsindən bəhs edib.

Xatirə gecəsində Əməkdar artistlər Ramil Qasımov, Vüsal İsgəndərzadə, Qoçaq Əsgərov, Bəyimxanım Vəliyeva, BMM-nin solistləri Kamal Nuriyev, Elgiz Əliyev və digərlərinin iştirakı ilə musiqi proqramı təqdim olunub.

İfaçıları BMM-nin solisti, tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə instrumental heyət (o cümlədən kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, balabanda Rafael Əsgərov, nağarada Amil Mustafayev) müşayiət edib. 

Proqramda Ramiz Quliyevin repertuarından seçilmiş əsərlər və Azərbaycan bəstəkarlarının kompozisiyaları səsləndirilib.

***

Ramiz Quliyev Azərbaycan tarının dünyada tanınmasına mühüm töhfələr verib. Tar üçün yazılmış, köçürülmüş, işlənmiş nə qədər əsər varsa, onların böyük bir qismini o ifa edib, repertuara daxil etdirib. Bizim fonoteka tariximizdə də Ramiz Quliyev qədər zəngin səs yazıları olan ifaçılar çox deyil. Bu, onun sənətə münasibətinin, məsuliyyətinin göstəricisidir.

Bu fikirləri xatirə gecəsinin iştirakçılarından Əməkdar artist, tanınmış kamança ifaçısı Mirnazim Əsədullayev jurnalistlərlə söhbətində ifadə edib.

Ramiz Quliyev zəngin təcrübəyə malik sənətkar idi. Onun fəaliyyət göstərdiyi dövrdə tarzənlərin sayı çox az idi və həmin sənətkarlar arasında Ramiz Quliyev öz yüksək ifaçılığı ilə seçilirdi. O, hər zaman sənətkara düzgün qiymət verir, sənətə böyük hörmətlə yanaşırdı.

Bunu isə Xalq artisti, tarzən, pedaqoq Vamiq Məmmədəliyev deyib.