Ötən il Özbəkistanın “Mədəniyyət səfiri” medalı ilə təltif edilən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva və Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist Sahib Paşazadə bu günlərdə Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə Daşkənddə olublar.
Günay Əfəndiyeva və Sahib Paşazadə özbək xalqının böyük şəxsiyyətləri Əlişir Nəvainin 585 illiyi və Zahirəddin Məhəmməd Baburun 543 illiyi münasibətilə təşkil olunmuş təntənəli konsert proqramında fəxri qonaq qismində iştirak ediblər.
Mədəniyyət səfirləri Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov ilə görüşüblər. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sahib Paşazadə Özbək Milli Makom Sənəti Mərkəzi, Yunus Rəcəbli adına Özbək Milli Musiqi Sənəti İnstitutu və Özbəkistan Dövlət Konservatoriyasının rəhbərliyi ilə də görüşlərdə iştirak edib, qarşılıqlı faydalı mədəni əlaqələrin möhkəmləndirilməsi, milli musiqimizin geniş təbliği və gələcəkdə bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.
Səfər zamanı cari il ərzində BMM ilə Özbəkistanın muğam və sənət mərkəzləri arasında görüşlərin, birgə konsertlərin və ustad dərslərinin keçirilməsi məsələləri də müzakirə edilib.






















