Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihəsi olan Opera Günlərinə bu dəfə Türkmənistan paytaxtı ev sahibliiyi edib.
Aşqabadın “Mukamlar” sarayında TÜRKSOY-un 27-ci Opera Günləri çərçivəsində qala konsert təşkil olunub. Konsert türkmən musiqisinin görkəmli siması, bəstəkar, pedaqoq, SSRİ Xalq artisti Vəli Muhadovun (1916–2005) 110 illiyinə həsr olunub.
Türkmənistanın Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təqdim olunan proqramda Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın opera müğənniləri ilə yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Fəridə Məmmədova (Əməkdar artist) və Taleh Yəhyayev də çıxış ediblər.
Azərbaycan vokalçılarının ifaları böyük rəğbətlə qarşılanıb.
Konsertdə Türkmənistanın və TÜRKSOY-un rəsmi şəxsləri, xarici ölkələrin Türkmənistandakı səfirləri, diplomatik nümayəndəliklərin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Türkmənistandakı səfirliyinin kollektivi tədbirin sonunda ifaçılarımızla görüşərək onlara gül dəstələri təqdim ediblər.























