Mayın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Azərbaycan-Serbiya mədəniyyət körpüsü” adlı konsert proqramı keçirilib.
Tamaşaçılar arasında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç də olublar.
Musiqi axşamında Azərbaycanın və Serbiyanın tanınmış ifaçıları eyni səhnəni bölüşüblər.
Konsert proqramında Əməkdar artist Afaq Abbasova (soprano), serbiyalı opera ifaçısı Ljubica Vranes (metso-soprano), Fəhmin Əhmədli (tenor) çıxış ediblər.
Vokalçıları fortepianoda Tofiq Şıxıyev və Vladimir Stepanoviç müşayiət ediblər.
Konsertdə dünya və Azərbaycan klassik musiqisindən seçilmiş nümunələr – Cüzeppe Verdi, Cakomo Puççini, Tofiq Quliyev, Asəf Zeynallı və başqa bəstəkarların əsərləri yer alıb.
Azərbaycan və Serbiya arasında mədəni əlaqələrin inkişafına töhfə verən, iki ölkənin musiqi ənənələrini bir araya gətirən musiqi axşamında bütün ifalar alqışlarla qarşılanıb.
























