Fevralın 19-da “Qərbi Azərbaycan rəssamları” kitabının təqdimat mərasimi keçirilib.

Qərbi Azərbaycan İcmasının Bakıdakı inzibati binasında (Mirzə Qədim İrəvani küçəsi 9) təşkil olunan tədbirdə çıxış edən icmanın idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli nəşrin əhəmiyyətindən bəhs edib. Bildirib ki, “Qərbi Azərbaycan rəssamları” kitabı təkcə sənət adamlarının yaradıcılıq irsinin toplanması baxımından deyil, həm də milli yaddaşın, mədəni kimliyin və tarixi varlığın sənət dili ilə ifadəsi baxımından mühüm əhəmiyyət daşıyır. Nəşr Qərbi Azərbaycanın mədəni mühitini sistemli şəkildə sənədləşdirərək gələcək nəsillər üçün etibarlı mənbə rolunu oynayacaq.

Kitaba ön söz yazmış sənətşünas, Azərbaycan Milli İncəsənət Muzeyinin Sərgi və tərtibat şöbəsinin müdiri Əsəd Quliyev qeyd edib ki, nəşrdə təqdim olunan materiallar həm sənətşünaslıq araşdırmaları, həm də muzey işi üçün dəyərli mənbədir və Qərbi Azərbaycan mənşəli rəssamların yaradıcılıq xəritəsini bütöv şəkildə əks etdirir.

İcmanın idarə heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, "Qərbi Azərbaycan" internet televiziyasının rəhbəri Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, icmanın Nərimanov rayon nümayəndəsi və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova da kitabın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Qərbi Azərbaycan İcmasının aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov kitabın konseptual baxımdan sistemli və ardıcıl şəkildə hazırlandığını qeyd edərək, nəşrin Qərbi Azərbaycan mədəni irsinin sənət prizmasından təqdimatında mühüm mərhələ olduğunu vurğulayıb.

Kitabın müəllifi rəssam və araşdırmaçı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Əli İsmayıl Əliyev nəşrin hazırlanma prosesi barədə məlumat verib, əsas məqsədin Qərb Azərbaycan rəssamlarının sənət irsini sənədləşdirmək və gələcək nəsillərə çatdırmaq olduğunu bildirib.

Sonda müəllifə Qərbi Azərbaycan İcmasının fəxri fərmanı təqdim ediılib.