Xalqı xalq edən onun torpağı, tarixi və dövlətçiliyi ilə yanaşı, ən əvvəl onun dilidir. Ana dili millətin ruhu, yaddaşı və varlığının ən etibarlı qoruyucusudur. Azərbaycançılıq ideologiyasının əsasında dayanan ən mühüm amillərdən biri ana dili və milli mədəniyyətdir. Bu həqiqəti bütün fəaliyyəti ilə təsdiq edən böyük dövlət xadimi Heydər Əliyev dilə və mədəniyyətə yalnız mənəvi dəyər kimi deyil, həm də dövlətçiliyin əsas dayağı kimi yanaşırdı. Onun “Azərbaycan olduqca mən də varam. Azərbaycan isə əbədidir!..” fikri milli varlığın əbədiliyinin məhz bu amillərlə bağlı olduğunu aydın şəkildə ifadə edir.
Ulu öndər yaxşı bilirdi ki, dil xalqın ruhudur. Xalqın tarixini, yaddaşını, dünyagörüşünü yaşadan və gələcək nəsillərə ötürən ən mühüm vasitə ana dilidir. Bu səbəbdən o, ana dilinin qorunmasını və inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmişdi.
Sovet dövründə milli respublikaların dilləri formal mövcud olsa da, faktiki olaraq dövlət idarəçiliyində məhdud istifadə olunurdu. Belə mürəkkəb bir şəraitdə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi böyük siyasi iradə və cəsarət tələb edirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2 aprel 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili elan olundu.
Bu qərar sadəcə hüquqi norma deyildi. Bu, milli kimliyin qorunması, xalqın öz dilinə sahib çıxması və gələcək müstəqilliyin mənəvi əsaslarının formalaşdırılması baxımından tarixi hadisə idi. Bu addım Azərbaycan dilinin inkişafına geniş imkanlar açdı və onun ictimai həyatın bütün sahələrində mövqeyini möhkəmləndirdi.
Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin yeni, daha böyük inkişaf mərhələsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin zəngin, çoxtərəfli fəaliyyəti zamanı dünya şöhrətli söz ustadlarımız, dahi mütəfəkkirlər Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin yüksək səviyyədə təşkil olunmuş yubiley tədbirləri, ucaldılan əzəmətli abidələri bunun göstəricisidir.
Ümummilli liderin Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin UNESCO səviyyəsində keçirilən 500 illik yubileyi ilə əlaqədar dediyi sözlərin xüsusi əhəmiyyəti vardır: “İndi iqtisadi vəziyyət, yaşayışımız, bir sözlə, həyat nə qədər çətin olsa da, biz Füzulinin yubileyini yüksək səviyyədə keçirməliyik. Ümumiyyətlə, Azərbaycanda yubileylər keçirmək sahəsində təcrübəmiz çoxdur. Xalqımız, ictimaiyyət də bunları həmişə ruh yüksəkliyi ilə qarşılamış və bu tədbirlərdə iştirak etmişdir. Belə tədbirlər respublikamızın ictimai-mədəni həyatını zənginləşdirmiş, görkəmli adamlarımızı xalqımıza daha yaxından tanıtmışdır. Ona görə də həyatımızın bu keçid dövründə, ağır dövründə mənəviyyatımızın, mədəniyyətimizin müəyyən dərəcədə sıxıntı keçirdiyi dövrdə belə bir yubileyin təşkili həyatımızı, sözsüz ki, zənginləşdirəcəkdir. Bizdə də belədir və dünya təcrübəsi göstərir ki, yubileyin keçirilməsi bir tərəfdən yubilyarın xalq, dünya qarşısında xidmətlərini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir.”
Ulu öndər belə hesab edirdi ki, bu yubileyin keçirilməsi yeni nəslin, xüsusən gənclərin tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə necə töhfələr verdiyini bir daha dərk etməsinə şərait yaradacaq və hər bir azərbaycanlıda, ilk növbədə gənc nəsildə milli iftixar, vətənpərvərlik hissini daha da yüksəldəcəkdir. Bunun özü müstəqil Azərbaycanda bizim üçün çox dəyərli amildir. Böyük siyasətçi Heydər Əliyev həm də böyük ədəbiyyat, mədəniyyət bilicisi kimi bildirirdi ki, Azərbaycan xalqını dünyaya daha yaxından tanıtmaq üçün daim çalışmalıyıq. Qoy bilsinlər ki, xalqımızın çoxəsrlik, zəngin, tarixi mədəniyyəti var. Bilsinlər ki, Azərbaycanın bugünkü mədəniyyəti dahi şəxsiyyətlərimizin yaratdığı və əsrlərdən əsrlərə keçən mədəniyyətimizə əsaslanır.
Belə tədbirlərin dövlət tərəfindən keçirilməsi Azərbaycan xalqının zəngin mədəni irsə malik olduğunu bir daha təsdiqləyirdi. Ulu öndər hesab edirdi ki, xalq öz tarixini və mədəniyyətini nə qədər yaxşı tanıyarsa, bir o qədər güclü və bütöv olar. Onun fikrincə, mədəniyyət yalnız keçmişin mirası deyil, həm də gələcəyin mənəvi dayağıdır. Bu səbəbdən milli irsin qorunması və təbliği dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır.
Heydər Əliyevin dilimizin inkişafında misilsiz xidmətlərindən biri də 1 avqust 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatdırılması idi. Onun imzaladığı fərmana əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Bu gün müstəqil Azərbaycanda ana dilinin və milli mədəniyyətin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan dili dövlət idarəçiliyində, təhsildə, elmdə və mədəni həyatda əsas yer tutur. Milli irsin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələr isə Azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə xidmət edir.
Doğma dilimiz və mədəniyyətimiz Azərbaycançılığın təməlini təşkil edən əsas amillərdir. Bu gün Azərbaycanda həyata keçirilən mədəniyyət siyasəti Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin müasir mərhələdə davamıdır. Bu baxımdan Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixində imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası xüsusi əhəmiyyət daşıyır. Konsepsiya milli mədəniyyətin qorunması ilə yanaşı, onun müasir dövrün tələblərinə uyğun inkişafını təmin etməyi əsas məqsəd kimi müəyyənləşdirir.
Konsepsiyada mədəni irsin qorunması, Azərbaycan dilinin inkişafı, milli dəyərlərin təbliği, eləcə də mədəniyyətin beynəlxalq aləmdə tanıdılması əsas prioritetlər kimi göstərilir. Eyni zamanda, rəqəmsal texnologiyaların tətbiqi, yaradıcı sənayelərin inkişafı və gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması bu strategiyanın mühüm istiqamətlərindəndir.
Ana dili və mədəniyyət xalqın milli kimliyinin əsas göstəriciləridir. Bu dəyərlərin qorunması və inkişaf etdirilməsi Azərbaycanın gələcək inkişafının da mühüm təminatıdır. Azərbaycançılıq ideologiyasının yaşaması və güclənməsi məhz bu mənəvi sərvətlərin yaşadılması ilə mümkündür. Bu gün həyata keçirilən siyasət də göstərir ki, milli dilə və mədəniyyətə qayğı Azərbaycanın dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsidir.
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında bu məsələyə xüsusi diqqət yetirərək vurğulamışdır ki, hər millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan dili zəngin, qədim və milyonlarla insanın mənəvi sərvətidir və onun imkanları kifayət qədər genişdir. Bu dilin saflığının qorunması, onun yad təsirlərdən müdafiə edilməsi və gələcək nəsillərə saf şəkildə ötürülməsi hər bir vətəndaşın vətəndaşlıq borcudur.
Sevinc Ayazqızı (Heydərova)
filologiya üzrə fəlsəfə doktoru, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı





















